ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalın tükənməsi səbəbindən “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatlarının (PUA) təxminən 25 faizini itirib.
Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ABŞ ordusu ümumilikdə 45 “MQ-9 Reaper itirib”. Bu PUA-lar Hörmüz boğazı ərazisində İran üçün “asan hədəfə” çevrilib.
Aşağı hündürlükdə və nisbətən aşağı sürətlə uçan “MQ-9 Reaper”lər kəşfiyyat və dəqiq zərbələrin endirilməsi üçün istifadə olunur. Quraşdırılan sensor və silahların növündən asılı olaraq bir PUA-nın qiyməti 30-50 milyon dollar arasında dəyişir.
WP-nin hesablamalarına görə, PUA-ların itirilməsi nəticəsində ABŞ vergiödəyicilərinin potensial xərcləri 1,3 milyard dolları ötür.
Qəzetin məlumatına görə, itirilən PUA-ların hamısı vurulmayıb. Bəzi aparatların operatorları ilə əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.