Xırdalan–Sumqayıt dəmir yolu xətti üzrə sərnişin qatarlarının hərəkətinin bərpası üçün hazırlıq işlərinə başlanılıb. Qatarların Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə hərəkətinin yeni tədris ili başlayana qədər bərpa olunması planlaşdırılır.
Bu barədə verilən məlumata görə, işlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Xırdalanda yeni avtomobil yolu keçidi tikilib
Xırdalan–Güzdək sahəsində dəmir yolu xətlərinin altından keçən yeni avtomobil yolu keçidinin tikintisi artıq başa çatıb.
Bununla əlaqədar Xırdalan–Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkətinin yenidən təşkili üçün hazırlıq işlərinə başlanılıb.
Hazırda Xırdalan–Sumqayıt sahəsində yol infrastrukturuna baxış keçirilir. Eyni zamanda, yeni reyslərdə istifadə olunacaq qatarların texniki hazırlığı və təmiri davam etdirilir.
Qatarlar nə vaxt Sumqayıta gedəcək?
Bütün hazırlıq və təmir işləri tamamlandıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin yeni tədris ili başlayana qədər bərpa olunması planlaşdırılır.
Qatarların əvvəlki qaydada həftənin bütün günlərində hərəkət etməsi nəzərdə tutulur.
Sərnişin qatarları istiqamət üzrə mövcud dayanacaqlarda dayanacaq.
Beləliklə, Xırdalan və Sumqayıt sakinləri üçün xüsusilə yeni tədris ili ərəfəsində şəhərlərarası gediş-gəlişdə alternativ və daha rahat nəqliyyat imkanının yenidən yaranması gözlənilir.