İran əvvəlki münaqişə zamanı İsrail və ABŞ tərəfindən məhv edilən əsas hərbi imkanlarını bərpa etməyə başlayıb.
İsrail mənbələri bildirirlər ki, müharibənin əsas mərhələsinin başa çatmasından dörd ay sonra Tehran hərbi infrastrukturun yenidən qurulması istiqamətində fəal iş aparır. Xüsusilə ballistik raketlərin istehsalının sürətləndirildiyi bildirilir.
Azpost.info bildirir ki, bu barədə Daily Alert nəşri məlumat yayıb.
İsrail Müdafiə Ordusunda İranın hərbi potensialına ciddi zərbə vurulduğunu etiraf edirlər. Bununla yanaşı, İsrail tərəfi bildirir ki, Tehran artıq zədələnmiş hərbi infrastrukturu bərpa edir və İsrail qüvvələri bu prosesi yaxından izləyir.
Körfəz ölkələri alternativ yollar axtarır
Bu proseslə paralel olaraq Fars körfəzi ölkələri Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə milyardlarla dollar investisiya yatırırlar.
Söhbət neft və qaz kəmərləri, saxlama terminalları və digər infrastruktur layihələrindən gedir. Bu layihələrin əsas məqsədi enerji resurslarının daşınmasında Hörmüz boğazının və dolayısı ilə İranın nəzarət imkanlarının rolunu azaltmaqdır.
ABŞ-a münasibətdə narazılıq artır
Bununla yanaşı, Fars körfəzi ölkələrində Vaşinqtonun İran siyasətindən narazılığın artdığı bildirilir.
Ərəb və Qərb rəsmilərinin sözlərinə görə, ABŞ-ın müttəfiqləri Donald Tramp administrasiyasının İranla münaqişənin diplomatik yolla həllinə nail olmaq imkanlarına getdikcə daha çox şübhə ilə yanaşırlar.
Bu fonda bəzi dövlətlər öz ərazilərində iri ABŞ hərbi bazalarının gələcəkdə saxlanmasının nə dərəcədə zəruri olduğunu da müzakirə etməyə başlayıblar.
Beləliklə, regionda müharibədən sonrakı əsas proseslərdən biri İranın hərbi potensialını yenidən qurması, digər tərəfdən isə Körfəz ölkələrinin həm enerji, həm də təhlükəsizlik baxımından Tehrandan və Hörmüz boğazından asılılığı azaltmağa çalışmasıdır.
N. Talıblı