“Heç kim sizə qəbul olacağınıza zəmanət verə bilməz” –DİM sədri xəbərdarlıq etdi

Hazırda Azərbaycanda abituriyentlərin ixtisas seçimi mərhələsi davam edir.

Azpost.info bildirir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu proseslə bağlı müşahidələrini bölüşərək abituriyentlərə mühüm tövsiyələr verib.

M.Abbaszadə bildirib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı ödənişli xidmətlərə müraciət etməyə tələsməməlidirlər.

Onun sözlərinə görə, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində bu istiqamətdə ödənişsiz məsləhət xidməti göstərilir.

DİM sədri qeyd edib ki, xidmətin ödənişsiz olması məsləhətlərin yalnız ümumi məlumatla məhdudlaşdığı anlamına gəlmir. Tövsiyələr hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasındakı göstəricilər əsasında verilir.

O, ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərə özlərinə 5 sual verməyi tövsiyə edib:

Mən əslində nə istəyirəm?

Nəticəm hansı seçimləri etməyə imkan verir?

Bu ilin statistik göstəriciləri hansı ehtimalları göstərir?

Seçimimin hansı məsuliyyətini üzərimə götürməyə hazıram?

Əsas seçimim baş tutmasa, alternativim nədir?

Məleykə Abbaszadənin fikrincə, ixtisas seçimi yalnız “hara qəbul ola bilərəm?” sualına cavab axtarmaq deyil. Bu prosesdə abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.

“Gizli keçid balı” yoxdur

DİM sədri abituriyentləri qəbul olunacaqlarına zəmanət verdiyini iddia edən şəxslərlə bağlı da xəbərdar edib.

O bildirib ki, kiminsə “keçid balları ilə bağlı xüsusi məlumatı” olduğunu və ya nəticəni əvvəlcədən bildiyini deməsinə inanmaq olmaz.

“Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz”, – deyə M.Abbaszadə vurğulayıb.

Onun sözlərinə görə, qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıqdır və hamı üçün əlçatandır. Heç kimin başqalarının çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumatı yoxdur.

DİM sədri bildirib ki, Abituriyent Məsləhət Mərkəzlərinə yalnız ilk gün 5 mindən çox müraciətin daxil olması bu xidmətə böyük ehtiyac olduğunu göstərir.

M.Abbaszadə abituriyentlərə ixtisas seçimi zamanı qərarı qorxu, tələskənlik və zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və şəxsi istəklərini nəzərə almaqla verməyi tövsiyə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.