NATO Rusiyanın Baltikyanı ölkələrə mümkün hücumuna qarşı hərəkət planları hazırlayıb.
Almaniyanın Bild nəşrinin əldə etdiyi məlumata görə, alyans Rusiya ordusunun Estoniya, Latviya və ya Litvaya hücumu halında tətbiq edilə biləcək üç ssenari üzərində işləyir.
Əsas məqsəd Rusiya qoşunlarının irəliləyişini dayandırmaq və onların hərbi imkanlarını mümkün qədər zəiflətməkdir.
Birinci mərhələ: raket və dron hücumlarının qarşısının alınması
Planın ilk mərhələsində NATO Rusiya tərəfindən həyata keçirilə biləcək raket və pilotsuz uçuş aparatı hücumlarının qarşısını almağı nəzərdə tutur.
Bunun üçün döyüş təyyarələri, raketlər və dronlardan istifadə etməklə Rusiya raket komplekslərinin məhv edilməsi planlaşdırılır.
Əsas hədəflərdən birinin Kalininqrad vilayəti ola biləcəyi bildirilir. Burada çoxsaylı hava hücumundan müdafiə və raket sistemləri yerləşdirilib.
Eyni zamanda Rusiya və Belarusla sərhədlərdə xüsusi “muxtar zona” yaradılması nəzərdə tutulur. Bu ərazidə NATO hərbçilərinin yerləşdirilməsi planlaşdırılmır. İrəliləyən Rusiya qüvvələrinə qarşı pilotsuz uçuş aparatları və yerüstü robot sistemlərindən istifadə ediləcək.
NATO Rusiya ərazisinə zərbələr endirə bilər
Növbəti mərhələdə NATO-nun artıq Rusiya ərazisindəki hədəflərə zərbələr endirməsi nəzərdə tutulur.
Xüsusi təyinatlı qüvvələr Rusiya ordusunun hərbi və logistika obyektlərini – aerodromları, müdafiə müəssisələrini, körpüləri və qoşun və texnikanın daşınmasında istifadə olunan dəmir yollarını hədəfə ala bilər.
Alyansın Vladimir Putinə qarşı çıxan Rusiya vətəndaşlarının dəstəyinə də ümid etdiyi bildirilir.
Bundan əlavə, NATO Rusiyaya dron və robotların göndərilməsi üçün xüsusi “hava körpüsü” yaratmağı planlaşdırır. Bu sistemlərin, o cümlədən aerodromlara və hərbi bazalara hücumlarda istifadə olunacağı gözlənilir.
Bununla belə, alyans Rusiyanın ərazisini işğal etmək niyyətində olmadığını vurğulayır. Əsas məqsəd Rusiya qoşunlarını geri çəkilməyə və Baltikyanı ölkələrin sərhədlərindən uzaqlaşmağa məcbur etməkdir.
NATO planlarını gizlətmir
Maraqlı məqamlardan biri NATO-nun bu planları gizli saxlamaq niyyətində olmamasıdır.
Hərbçilərin fikrincə, çəkindirmə mexanizmi yalnız o zaman effektiv işləyir ki, potensial rəqib alyans ölkələrindən birinə hücum etdiyi halda qarşılaşacağı nəticələri əvvəlcədən bilsin.