İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı keçiriblər.
“Mehr” agentliyinin məlumatına görə, tərəflər regionda baş verən son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Əraqçi türkiyəli həmkarına İran və Oman arasında aparılan ikitərəfli danışıqların gedişi barədə məlumat verib. Danışıqların əsas məqsədi gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün uyğun marşrutun müəyyənləşdirilməsidir.
İranın xarici işlər naziri bu məsələdə birgə fəaliyyətin davam etdirilməsinə Tehranın hazır olduğunu bildirib.
Nazirlər regionda davam edən diplomatik səyləri də müzakirə ediblər. Onlar vəziyyətə nəzarət etmək, gərginliyin daha da artmasının qarşısını almaq, həmçinin regional sabitlik və təhlükəsizliyi gücləndirmək üçün siyasi və diplomatik təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Anadolu” agentliyi də İran və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı barədə məlumat yayıb.