Fransada sağalmaz xəstəlikdən əziyyət çəkən yetkin şəxslərə müəyyən şərtlər daxilində həyata tibbi yardımla son qoymaq hüququ verən qanun rəsmi şəkildə qəbul edilib.
Azpost.info xəbər verir ki, qanun ölkənin ali konstitusion orqanının təsdiqindən sonra qüvvəyə minib.
Yeni qanuna əsasən, Fransada vətəndaş olan və ya ölkədə daimi yaşayan, sağalmaz xəstəlikdən əziyyət çəkən yetkin şəxslər müəyyən meyarlara cavab verdikləri halda tibbi yardımla ölüm proseduruna müraciət edə biləcəklər.
Prosedurdan əvvəl həkim pasiyentin müəyyən edilmiş şərtlərə uyğun olub-olmadığını yoxlamalıdır. Daha sonra müvafiq qiymətləndirmə aparılır. Müraciət təsdiqləndikdən sonra pasiyent ən azı iki gün gözləməli və prosedurun keçiriləcəyi gün qərarını yenidən təsdiqləməlidir.
Pasiyent istənilən vaxt qərarından imtina edə bilər. Qanuna əsasən, ölümə səbəb olan maddəni şəxs fiziki olaraq buna qadir olduğu halda özü qəbul etməlidir. Fiziki imkan olmadığı halda isə prosesdə tibb işçisi yardım göstərə bilər.
Fransa bununla tibbi yardımla ölüm praktikasını qanuniləşdirən məhdud sayda ölkələr sırasına qoşulub.
İndiyədək Fransada həyatın süni şəkildə uzadılmasından imtina və ölüm ərəfəsində dərin sedasiya kimi üsullara icazə verilirdi. Həyata aktiv şəkildə son qoyulmasını istəyən şəxslər isə bunun qanuni olduğu digər ölkələrə getməyə məcbur qalırdılar.