Omanın xarici işlər naziri Bədr əl-Busaidi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı regional gündəmi və Hörmüz boğazında gəmiçiliyin vəziyyətini müzakirə ediblər.
Bu barədə Omanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər dənizçilik azadlığının bərpası və qorunmasını, eləcə də regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsini asanlaşdıran praktik razılaşmalara nail olmaq üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Diplomatlar həmçinin Yaxın Şərqdə baş verən son hadisələr fonunda siyasi dialoqun və danışıqlar prosesinin bərpası üçün əlverişli şəraitin yaradılması yollarını da müzakirə ediblər.