Polad Bülbüloğlunun həyat yoldaşı danışdı –"Polad müəllim uşaq deyil”

Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı son günlər yayılan xəbərlərlə bağlı müzakirələr davam edir.

Sənətkarın həyat yoldaşı Gülnarə Şıxəliyeva Polad Bülbüloğlunun onunla boşandığı və üçüncü dəfə ailə qurduğu barədə yayılan məlumatlara münasibət bildirib.

Gununsesi.info-ya açıqlama verən Gülnarə Şıxəliyeva bu mövzu ətrafında geniş danışmaq və müzakirələri uzatmaq niyyətində olmadığını deyib.

“Bu mövzuda heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm. Sadəcə deyirəm ki, biz o yaşda deyilik. 81 yaşlı insan özünə toy etməz”, – deyə o bildirib.

Gülnarə Şıxəliyeva son günlər ictimai tədbirlərdə görünməməsinin səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, səhhətində yaranan yüngül problemlər səbəbindən müəyyən tədbirlərdə iştirak edə bilmir.

“Hətta bu yaxınlarda övladımın konserti oldu, onda belə iştirak edə bilmədim”, – deyə Xalq artistinin həyat yoldaşı bildirib.

Şıxəliyeva ailəsi ilə bağlı yayılan xəbərləri mütəmadi izləmədiyini də qeyd edib.

“Mən ümumiyyətlə heç bir mediaya baxmıram. Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil”, – deyə o bildirib.

“40 ildir onu tanıyıram…”

Gülnarə Şıxəliyeva ailə həyatında qısqanclıq və xırda məsələlərə görə münaqişə yaratmağın tərəfdarı olmadığını da vurğulayıb.

Onun sözlərinə görə, Polad Bülbüloğlunu təxminən 40 ildir tanıyır və həyat yoldaşının daim diqqət mərkəzində olan sənətkar olduğunu bildirib.

“Əgər etsə də, gizli edər. 40 ildir mən onu tanıyıram, elə həmişə ətrafında qadınlar olub. Mən sakit və mehriban qadınam, heç vaxt xırda məsələlərə görə ailədə söz-söhbət, qısqanclıq yaratmamışam”, – Şıxəliyeva deyib.

O bildirib ki, onun üçün həyatda ən vacib məsələlərdən biri övladlarının tərbiyəsi və onların yaxşı böyüməsi olub.

“Mənim üçün əsas övladlarımı gözəl şəkildə böyüdüb ərsəyə gətirməkdir. Başqa şeylər maraqsızdır. Ona görə də bu mövzuda da heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm”, – Gülnarə Şıxəliyeva qeyd edib.

Qeyd edək ki, Polad Bülbüloğlu özü də daha əvvəl yayılan boşanma və üçüncü dəfə evlənməsi barədə məlumatları təkzib edib. Xalq artisti həmin xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və yayılan məlumatlarla bağlı hüquqi qiymət verəcəyini açıqlayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.