İlham Əliyev Pezeşkianla görüşdə mühüm mesaj verdi:- “Azərbaycan İranla bağlı...”

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-İran münasibətləri, regional vəziyyət və iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Məsud Pezeşkian Prezident İlham Əliyevlə əvvəlki görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladığını bildirib. İran Prezidenti ölkəsinin üzləşdiyi çətin vəziyyət zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqeyi və dəstəyi yüksək qiymətləndirib.

O, İlham Əliyevin İrana başsağlığı verməsini və Azərbaycanın göstərdiyi humanitar yardımı xüsusi qeyd edərək, İran dövləti və xalqı adından təşəkkürünü bildirib.

Pezeşkian Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib. İran Prezidenti ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

O, Azərbaycan və İran arasındakı münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını bildirib. Pezeşkian İranın bütün qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq niyyətində olduğunu qeyd edib.

Prezident İlham Əliyev də öz növbəsində İranın hazırkı vəziyyətində Azərbaycanın göstərdiyi yardımın qardaşlıq nümunəsi olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycanın İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Görüş zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.