İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Telegram kanalında yayılan məlumatda bildirilir ki, ABŞ-ın hücumlarından sonra İran hərbçiləri Küveyt, İraq, İordaniya və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirib.
İran tərəfinin məlumatına görə, Küveytdəki “Əli əl-Salim” aviabazasına pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirilib. Hücum nəticəsində aviabazanın komandirinin qərargahı və iqamətgahının, pilotsuz uçuş aparatları üçün anqarın və onların buraxılış məntəqələrinin vurulduğu, həmçinin bir neçə PUA-nın məhv edildiyi bildirilir.
Bundan başqa, İraq Kürdüstanının inzibati mərkəzi Ərbil ərazisindəki ABŞ mövqelərinin də hədəfə alındığı açıqlanıb.
SEPAH Küveyt əhalisinə də müraciət edərək ABŞ ordusunun “İslam torpaqlarını işğalına” qarşı mübarizə apardıqlarını bildirib. Korpus ABŞ Silahlı Qüvvələrinin Küveytdən çıxmasını, “ABŞ hökmranlığının və qəddar sionist rejimin” məhv edilməsini istədiyini vurğulayıb.
Öz növbəsində, Küveyt Silahlı Qüvvələri daha əvvəl hava hücumundan müdafiə sistemlərinin PUA və raket hücumlarını dəf etdiyini açıqlayıb. Hakimiyyət orqanlarının məlumatına görə, PUA hücumu zamanı paytaxt Əl-Küveytdə yaşayış evlərindən birində yanğın baş verib. Fövqəladə hallar xidmətləri yanğının yayılmasının qarşısını alıb. Sakinlər arasında xəsarət alan olmayıb.
Çərşənbə günü səhər, Yaxın Şərq vaxtı ilə, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı bildirib ki, ABŞ ordusu sentyabrın 1-də başladığı İranın hərbi hədəflərinə qarşı silsilə zərbələri “uğurla başa çatdırıb”.
Axios məlumatlı mənbəyə istinadən yazıb ki, ABŞ hərbçiləri bu zərbələr çərçivəsində İrana məxsus iki hökumət tankerini də hədəfə alıb. Nəşrin mənbələri həmçinin bildirib ki, çərşənbə axşamı həyata keçirilən hücumlar zamanı İranda təxminən 100 hədəf vurulub.
Hədəflər arasında SEPAH-ın hava hücumundan müdafiə sistemləri, radar qurğuları, dəniz obyektləri, minalama vasitələri və rabitə obyektlərinin olduğu qeyd edilir.