ABŞ-da uşaqlar üçün pasport qaydaları sərtləşdirilir –Valideynlərdən yeni sənədlər tələb olunacaq

ABŞ Dövlət Departamenti uşaqlar üçün pasport müraciəti zamanı valideynlərdən onların vətəndaşlığını və ya immiqrasiya statusunu təsdiqləyən sənədlər tələb etməyi təklif edib.

“Reuters”in layihə təlimatlarına istinadən yaydığı məlumata görə, bu addım ABŞ Prezidenti Donald Trampın doğuşla vətəndaşlıq hüququnun məhdudlaşdırılmasına yönəlmiş yeni sərəncamının icrası çərçivəsində nəzərdə tutulub.

Yeni qaydalara əsasən, uşağın pasportu üçün müraciət edən valideyn və ya qanuni qəyyum öz statusunu təsdiqləyən sənədlər təqdim etməli olacaq.

Belə sənədlərə qüvvədə olan ABŞ pasportu və ya ABŞ-da doğum haqqında şəhadətnamə, I-94 forması, həmçinin daimi yaşayış icazəsi – “green card” daxil ola bilər.

Dövlət Departamenti bu məlumatlardan uşağın Trampın sərəncamının əhatə dairəsinə düşüb-düşmədiyini və onun ABŞ vətəndaşlığına hüququnun olub-olmadığını müəyyənləşdirmək üçün istifadə etməyi planlaşdırır.

Hazırda ABŞ-da doğulan uşağın pasportu üçün müraciət zamanı valideynlərdən əsasən uşaqla qohumluğunu təsdiqləmək və fotoşəkilli şəxsiyyət sənədi təqdim etmək tələb olunur. Valideynlər həmçinin müraciətdə ABŞ vətəndaşı olub-olmadıqlarını göstərirlər, lakin bunu təsdiqləyən sənədlərin təqdim edilməsi məcburi deyil.

Yeni layihə bu tələbi əhəmiyyətli dərəcədə dəyişə bilər.

Sənəd Trampın avqustun 6-da imzaladığı və doğuşla vətəndaşlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan sərəncamın Dövlət Departamenti tərəfindən necə həyata keçirilə biləcəyini göstərən ilk ətraflı sənədlərdən biridir.

Sərəncamın əsas hədəflərindən biri ABŞ-a əcnəbi qadınların uşağını dünyaya gətirmək və onun ABŞ vətəndaşlığı əldə etməsini təmin etmək məqsədilə səfər etməsi kimi tanınan “doğuş turizmi” praktikasının qarşısını almaqdır.

Sərəncama əsasən, müəyyən hallarda ABŞ-da doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməməsi nəzərdə tutulur. Bunlara valideynlərdən birinin ABŞ-da xarici hökumətin əməkdaşı olması, vətəndaşlıq əldə etmək məqsədilə saxtakarlıq sxemində və ya kommersiya sövdələşməsində iştirak etməsi, yaxud “düşmən əcnəbi” statusunda olması kimi hallar daxildir.

Doğuşla vətəndaşlıq hüququnun məhdudlaşdırılması Tramp administrasiyasının miqrasiya siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.