Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrin şirkətlərinin səhmlərinə yatırdığı vəsaitin dəyəri bu ilin ilk 6 ayında əhəmiyyətli dərəcədə artıb.
Fondun məlumatına görə, iyunun 30-na ARDNF-nin bu səhmlərdən ibarət portfelinin cari dəyəri 18 milyard dollara çatıb.
Müqayisə üçün, 2025-ci ilin sonunda bu göstərici 16,5 milyard dollar idi.
Beləliklə, cəmi 6 ay ərzində ARDNF-nin səhmlər portfelinin dəyəri 1,5 milyard dollar və ya 9,1% artıb.
Fond nə qədər pul yatırıb?
ARDNF-nin məlumatına görə, iyunun 30-na qədər inkişaf etmiş ölkələrin səhmlərinə yatırılan vəsaitin ümumi məbləği 7,1 milyard dollar təşkil edib.
Bu investisiyalardan fondun əldə etdiyi ümumi gəlir isə 10,9 milyard dollara yüksəlib.
Başqa sözlə, ARDNF-nin bu istiqamətdə yatırdığı 7,1 milyard dollarlıq vəsaitin üzərinə zaman ərzində 10,9 milyard dollar gəlir gəlib.
Fondun hesablamasına görə, portfelin yarandığı vaxtdan etibarən gəlirlilik 370% təşkil edib.
Bu göstərici ilin əvvəlində daha aşağı idi. 2025-ci ilin sonunda əldə olunan gəlir 9,4 milyard dollar, gəlirlilik isə 330% olmuşdu.
Deməli, 2026-cı ilin ilk 6 ayında ARDNF-nin səhmlərdən əldə etdiyi yığılmış gəlir daha 1,5 milyard dollar və ya təxminən 16% artıb.
Pul hansı səhmlərə yatırılır?
ARDNF bu investisiyaları əsasən özü ayrı-ayrı şirkətləri seçərək deyil, passiv investisiya strategiyası ilə həyata keçirir.
Fond əsasən “MSCI World” indeksini izləyir.
Bu indeks dünyanın 23 inkişaf etmiş ölkəsində fəaliyyət göstərən 1 283 şirkətin səhmlərini əhatə edir. Şirkətlər iqtisadiyyatın 11 müxtəlif sektorunu təmsil edir.
Bu o deməkdir ki, ARDNF-nin investisiyaları yalnız bir neçə şirkətin səhmlərindən ibarət deyil. Vəsait müxtəlif ölkələrdə və müxtəlif sahələrdə fəaliyyət göstərən çoxsaylı şirkətlər arasında bölüşdürülür.
Belə investisiya yanaşmasının əsas üstünlüklərindən biri riskin bir neçə şirkət və sektor arasında bölüşdürülməsidir.
Nəticədə ARDNF-nin səhmlər portfeli 2026-cı ilin ilk yarısında həm ümumi dəyərini, həm də yığılmış gəlirini artırıb.