Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Polşada fəaliyyət göstərən “Nexta” kanalının Goranboy rayonunda baş verən yanğınla bağlı yaydığı məlumatlara münasibət bildirib.
Agentlikdən verilən bəyanatda qeyd olunub ki, “Nexta” 2 sentyabr 2026-cı ildə Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi barədə subyektiv mülahizələrə əsaslanan və məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim edən məlumat yayıb.
Bildirilib ki, həmin məlumat ictimai rəyi çaşdırmağa yönəlib.
Medianın İnkişafı Agentliyinin açıqlamasında hadisənin vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsi olduğu qənaətinə gəlindiyi vurğulanıb.
Agentlik hesab edir ki, son dövrlər Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması halları intensivləşib.
Bəyanatda bir sıra Qərb media resurslarında yayılan materiallar da tənqid olunub. Xüsusilə Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetləri, “BBC”, ABŞ-nin CNN telekanalı, Fransanın “Le Monde” qəzeti, Polşanın TVP telekanalı və digər media resurslarının materiallarında Azərbaycana qarşı birtərəfli yanaşma və əsassız mülahizələrin yer aldığı bildirilib.
Agentlik bu cür fərziyyə və iddiaların yayılmasını informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirib.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcəkdir”, – bəyanatda qeyd olunub.
Qeyd edək ki, “Nexta” Goranboyun Nizami kəndi yaxınlığında hərbi sursat anbarında partlayış baş verdiyini, ardınca yanğın və təkrar partlayışın qeydə alındığını yazıb və hadisəni “diversiya” ehtimalı ilə əlaqələndirib. Kanal həmçinin hadisəni Azərbaycan-Rusiya münasibətləri kontekstində təqdim edib.