Rusiyanın dövlət büdcəsinin neft və qazdan əldə etdiyi gəlirlər kəskin azalıb. Avqust ayında federal büdcəyə neft-qaz sektorundan 424 milyard rubl daxil olub.
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici mart-iyul aylarında orta hesabla əldə olunan 753 milyard rubldan 43 faiz azdır. Beləliklə, neft-qaz gəlirləri fevral ayındakı minimum səviyyələrə yaxınlaşıb.
Neftin ucuzlaşması gəlirləri azaltdı
Gəlirlərin azalmasının əsas səbəblərindən biri Rusiyanın əsas neft markası olan Uralsın qiymətinin düşməsidir.
Avqustda Urals neftinin orta qiyməti bir barrel üçün 59,02 dollar olub. Müqayisə üçün, iyunda bu göstərici 86 dollar, mayda isə 94 dollar təşkil edirdi.
Rusiyanın neft hasilatı da azalıb. İlin əvvəlindən hasilat sutkada təxminən 410 min barrel azalaraq 8,89 milyon barrelə düşüb.
Nəticədə ölkənin hasilatı OPEC+ çərçivəsində Rusiyaya verilən kvotadan təxminən 1 milyon barrel aşağı səviyyədə qalır.
Neft şirkətlərinə büdcədən milyardlarla rubl ödənilir
Rusiyanın neft gəlirlərinin azalması fonunda dövlət büdcəsinin neft şirkətlərinə ödədiyi subsidiyaların həcmi də diqqət çəkir.
Avqust ayında neft şirkətlərinə ümumilikdə 304,6 milyard rubl subsidiya ödənilib.
Bunun 197,3 milyard rublu dempfer mexanizmi, 106,8 milyard rublu isə əks aksiz mexanizmi üzrə verilib.
Aprel-avqust aylarında neft şirkətlərinə ödənilən subsidiyaların ümumi məbləği 1,525 trilyon rubla çatıb.
Bu məbləğ Sankt-Peterburqun illik büdcəsinə yaxın, bəzi iri Rusiya regionlarının illik büdcələrindən isə təxminən üç dəfə çoxdur.
Neft emalı da problem yaşayır
Rusiyanın neft emalı sənayesi də Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarından ciddi təsirlənib.
Məlumata görə, avqust ayında ən azı 7 neft emalı zavodu istehsalı dayandırıb. İqtisadçı Kirill Rodionovun qiymətləndirməsinə görə, avqustda neftayırma zavodlarına 21 hücum qeydə alınıb və zavodların yüklənməsi 2000-ci illərin əvvəllərindən bəri ən aşağı səviyyəyə düşüb.
Büdcədən ayrılan vəsait yalnız neft emalına deyil, yanacaq idxalına da yönəldilir. Rusiya Hindistan, Türkiyə və Mərakeşdən daha bahalı benzin almağa başlayıb və bu xərclərin bir hissəsi də dövlət tərəfindən kompensasiya olunur.
8 ayda gəlirlər 17 faiz azalıb
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, ilin ilk 8 ayında federal büdcənin neft-qaz gəlirləri 5,02 trilyon rubl təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azdır.
Rusiya büdcəsində 2026-cı il üçün neft-qaz gəlirlərinin 8,92 trilyon rubl olacağı nəzərdə tutulmuşdu. Lakin mövcud göstəricilər illik planın yerinə yetirilməsi ilə bağlı suallar yaradır.
İqtisadçı Vladimir Çernovun qiymətləndirməsinə görə, ilin yekununda Rusiyanın neft-qaz gəlirləri 7,5-8 trilyon rubl aralığında qala bilər. Bu halda göstərici COVID-19 pandemiyasının təsir etdiyi 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşə bilər.
Beləliklə, neftin qiymətinin aşağı düşməsi, hasilatın azalması və neft emalı sektorundakı problemlər Rusiyanın büdcəsi üzərində təzyiqi artırır. Eyni zamanda dövlət neft şirkətlərini və yanacaq bazarını dəstəkləmək üçün büdcədən daha çox vəsait ayırmağa məcbur olur.