Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır

Milli Məclisin sədri Sahibə Qafarova Kolumbiya Universitetində “Qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi: Parlament, davamlı inkişaf və Azərbaycanın iqlim gündəliyi” mövzusunda çıxış edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri çıxışında qlobal öhdəliklərin milli səviyyədə konkret siyasətə və fəaliyyətə çevrilməsinin vacibliyindən danışıb.

O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması milli siyasətdən, qanunvericilikdən və konkret layihələrdən asılıdır. Qlobal hədəflərin milli prioritetlərlə uzlaşdırılması və nəticələrin davamlılığının təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı, təhsil və innovasiyaların təşviqi istiqamətində tədbirlər həyata keçirilir. İnsan amilinin, təhsilin, peşə bacarıqlarının, layiqli əməyin, bərabər imkanların və gənclərin fəal iştirakının dayanıqlı inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Parlamentlərin qanunvericilik, büdcə və nəzarət funksiyalarının qlobal öhdəliklərin milli səviyyədə icrası üçün əlverişli hüquqi və institusional çərçivənin formalaşdırılmasına imkan verdiyi bildirilib.

Çıxışda enerji, iqlim və inkişaf arasında əlaqəyə toxunularaq, ənənəvi enerji resurslarının rolunun qorunduğu, bərpaolunan enerjinin inkişafı və enerji keçidinin sürətləndirilməsinin Azərbaycanın prioritetləri olduğu qeyd edilib.

Məruzədə Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi çərçivəsində 2035-ci ilədək istixana qazı emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılmasının nəzərdə tutulduğu, qanunvericilik bazasının təkmilləşdirilməsi və parlament nəzarətinin əhəmiyyəti vurğulanıb.

Bakıda keçirilən COP29-un yekunlarına toxunularaq, qlobal öhdəliklərin icra mexanizmlərinin və beynəlxalq ambisiyaların praktiki vasitələrlə dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb. Milli Məclisin sədri beynəlxalq sazişlərin yalnız başlanğıc olduğunu, qəbul edilən qərarların daxildə fəaliyyət tələb etdiyini bildirib.

Azərbaycanın inkişaf yolu barədə danışan Milli Məclisin sədri ölkənin təmiz enerjiyə keçidi və iqtisadi şaxələndirilməsinin davamlı investisiya, güclü insan kapitalı və innovasiya tələb etdiyini, bu transformasiya üçün hökumət, biznes, universitetlər və vətəndaş cəmiyyətinin güclərini birləşdirməli olduğunu qeyd edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.