2020-ci il sentyabrın 27-si təkcə Qarabağ bölgəsində deyil, bütün Cənubi Qafqazda köklü dəyişikliklərə gətirib çıxaran dönüş tarixi oldu.
Bunu AZƏRTAC-a müsahibəsində rusiyalı siyasi analitik, jurnalist, “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini Andrey Petrov deyib.
“Düşünürəm ki, Rusiyada Cənubi Qafqaz üzrə ekspertlərin hamısı 27 sentyabrı bütün Cənubi Qafqazda köklü dönüşün, regionda bu gün yaşanan radikal dəyişikliklərin başladığı gün kimi qiymətləndirir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan “Dəmir yumruq” əməliyyatı ilə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa edib.
Ekspert xatırladıb ki, hələ 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hərbi əməliyyatların dayandırılmasını və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan qətnamələr qəbul edib.
Lakin agentliyin həmsöhbətinin vurğuladığı kimi, atəşkəs rejiminin tətbiqindən sonra ötən müddət ərzində münaqişənin sülh yolu ilə həllinə nail olmaq mümkün olmayıb: “Atəşkəs rejimi tətbiq edildikdən sonra 26,5 il ərzində bütün bunları sülh yolu ilə həll etmək mümkün olmadı. Ermənistan tərəfinin yeni təxribatlarına cavab olaraq Azərbaycan bu problemi güc yolu ilə həll etmək zərurəti ilə üzləşdi”.
“Cəmi 44 gün ərzində 30 il boyunca həll olunmayan problem həll edildi. Ermənistan sülhə və qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur edildi”, – deyə rusiyalı analitik bildirib.
O vurğulayıb ki, sonrakı hadisələr Qarabağda separatizm məsələsini birdəfəlik həll etməyə və Azərbaycanın ölkənin bütün ərazisi üzərində suverenliyini bərpa etməyə imkan verib. Ekspertin fikrincə, bu prosesin əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsindən xeyli kənara çıxır: “Keçid dövründən sonra Qarabağda separatizm məsələsi də artıq həll edildi. Bunun sayəsində təkcə Azərbaycanda müsbət dəyişikliklər baş vermədi, əslində, bütövlükdə region dəyişdi”.
AZƏRTAC-ın həmsöhbəti yeni reallığın ən mühüm nəticələrindən biri kimi azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparılmasını və keçmiş məcburi köçkünlərin doğma şəhər və kəndlərinə qayıtmasını qeyd edib. Onun sözlərinə görə, bununla yanaşı, regional kommunikasiyaların blokdan çıxarılması və Cənubi Qafqazın tranzit potensialından tam istifadə edilməsi üçün prinsipcə yeni imkanlar yaranıb.
“Region həm Şərqdən Qərbə, həm də Cənubdan Şimala gedən yolların kəsişməsində yerləşir. Lakin Qarabağ müharibəsi səbəbindən, regionun daim müharibə vəziyyətində, qeyri-müəyyən şəraitdə qalması nəticəsində bu yollar bloklanmışdı”, – deyə analitik bildirib.
A.Petrov əmindir ki, məhz 2020-ci il sentyabr 27-də başlayan hadisələr Cənubi Qafqazın bu vəziyyətdən çıxması üçün şərait yaradıb. “44 günlük müharibə, “Dəmir yumruq” əməliyyatı regional inkişafın qarşısındakı bu blokadaya son qoydu”, – deyə o vurğulayıb.
Rusiyalı ekspertin fikrincə, altı il sonra Cənubi Qafqazın nə dərəcədə dərin dəyişikliklərə məruz qaldığı xüsusilə aydın görünür. Region uzunmüddətli münaqişədən ərazilərin bərpasına, əhalinin geri qayıtmasına, nəqliyyat əlaqələrinin inkişafına və öz geoiqtisadi potensialının reallaşdırılmasına keçmək imkanı əldə edib: “Bu gün biz altı il sonra regionun əslində necə inkişaf etmiş ola biləcəyini və hazırda necə inkişaf etdiyini, eləcə də Cənubi Qafqazın dinc şəraitdə mövcudluğunun davam etdirilməsi ilə əlaqədar qarşısında hansı perspektivlərin açıldığını görürük”.