D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir 22 sentyabr 2026-cı il tarixində Bakı şəhərinin Xətai rayonunda keçirilib.

Tədbirdə Xətai Rayon Bələdiyyəsinin 21 üzvü və qulluqçusu iştirak edib.

Tədbiri D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva aparıblar.
Tədbiri Xətai Rayon Bələdiyyəsinin sədr müavini Rövşən Məmmədov açıb. O, əvvəlcə donor, layihə və təşkilat haqqında məlumat verib, daha sonra sözü təlimçilərə təqdim edib.

İştirakçılarla tanışlıqdan sonra layihə və donor haqqında ətraflı məlumat verilib. Təlimçi Əntiqə Qurbanova bələdiyyə fəaliyyəti, bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin düzgün qurulması, həmçinin bələdiyyələrin insan hüquqlarının, xüsusilə qadın hüquqlarının qorunmasında rolu barədə məlumat verib. Bu mövzular ətrafında iştirakçılarla müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib.
İştirakçılar bələdiyyələrin qarşılaşdığı problemlər və bu problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi apararaq öz təkliflərini səsləndiriblər.

Daha sonra təlimçi Nabat Qəniyeva bələdiyyələrin regionların sosial-iqtisadi inkişafında rolunun artırılması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib. Qeyd olunub ki, həyata keçirilmiş dəyişikliklər bələdiyyələrə qrant əldə etmək imkanları yaradır.

Bələdiyyələrin maliyyə dayanıqlığının təkmilləşdirilməsi məqsədilə layihə təkliflərinin hazırlanması, hesabatlılığın təmin edilməsi, real ideyaların layihələşdirilməsi, eləcə də müsabiqə və tenderlərdə iştirak məsələləri barədə də ətraflı məlumat verilib.
Tədbirin sonunda layihə təkliflərinin hazırlanması və hesabatlılıq mövzularına həsr olunmuş qrup işləri həyata keçirilib.

Hər bir kiçik qrup regionun mövcud problemlərindən birini müəyyənləşdirərək həmin problemin həllinə yönəlmiş layihə hazırlayıb. Qrupların təqdimatları zamanı iştirakçılar bir-birlərinə suallar ünvanlayıb və cavablandırmağa çalışıblar. Bu fəaliyyət iştirakçıların mövzu üzrə biliklərinin artırılmasına, eləcə də layihə hazırlamaq və təqdim etmək sahəsində praktiki bacarıqlar əldə etmələrinə imkan yaradıb.

Xətai Rayon Bələdiyyəsinin sədr və üzvləri bələdiyyə mülkiyyətinin hüquqi statusunun rəsmiləşdirilməsi və müvafiq qaydada təsdiq olunması ilə bağlı məsələnin həll edilməsini təklif ediblər.

Tədbir zamanı foto və video çəkilişlər aparılıb, həmçinin iştirakçılar üçün çay süfrəsi təşkil edilib.