Trampın Rusiya qərarı ABŞ-da qalmaqal yaratdı- Respublikaçılar niyə etiraz edir?
ABŞ-ın energetika sektoruna qarşı Rusiyaya yönəlmiş genişmiqyaslı sanksiyaların tətbiqini təxirə salmaq qərarı Prezident Donald Trampın öz Respublikaçılar Partiyasının üzvləri tərəfindən tənqidlə qarşılanıb.
Belə ki, respublikaçı senator Tom Tillis Trampın mövqeyini “tamamilə məsuliyyətsiz” adlandırıb.
“Əgər prezident həqiqətən də dizel yanacağının qiymətlərini aşağı salmaq istəyirsə, İran məsələsini həll etməklə buna nail ola bilər”, – Tillis vurğulayıb.
Donald Tramp Rusiya yanacağının ABŞ-a və dünya bazarına tədarükünə mane olan sanksiyaların yumşaldılması qərarını məhz dizelin qiymətini aşağı salmaq istəyi ilə izah edib.
Respublikaçı senator Ted Kruz da Trampın bu siyasətini səhv adlandırıb. Respublikaçı Maykl MakKoll isə dövlət başçısını qərarından geri çəkilməyə çağırıb. Respublikaçı senator Con Kornin də Rusiyaya qarşı sanksiyalardan imtina edilməsini tənqid edib.
Lindsi Qremin qanun layihəsi Rusiyanın məhsullarına 500 faiz, Rusiyadan neft və qaz alan beş əsas ölkənin məhsullarına, eləcə də Moskvanın sanksiyalardan yayınmasına ən fəal şəkildə kömək edən dövlətlərin mallarına isə 100 faiz əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutur.
Tramp sentyabrın sonunda qanunu imzalayıb. Lakin oktyabrın 16-da sanksiyaların dayandırılması barədə fərman dərc olunub. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bu fasilə həmin tədbirlərin dünya iqtisadiyyatına mümkün təsirlərini təhlil etmək zərurəti ilə bağlıdır. Rubionun sözlərinə görə, fasilə 60 gün davam etməlidir.
Tramp Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqini təxirə salmaq qərarını noyabrın 3-nə təyin edilmiş ABŞ Konqresinə aralıq seçkilərinə iki həftə qalmış verib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin bu qərarından təəssüfləndiyini bildirib. Eyni zamanda, o, qış ərəfəsində Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələrin dağıdıcı təsirlərini xatırladıb.
