Dələduzlar insanları aldatmaq üçün hamının istifadə etdiyi rəqəmsal xidmətlərdən getdikcə daha fəal yararlanırlar. Saxta bina sakinləri çatları, inandırıcı sosial şəbəkə profilləri və ya süni intellektin verdiyi tövsiyələr pul və şəxsi məlumat itkisinə səbəb ola bilər.
Süni intellekt cinayətkarlara inandırıcı mesajlar hazırlamağa, səsləri təqlid etməyə və saxta saytları yaymağa kömək edir. Bununla belə, aldatmanın əsas vasitəsi dəyişməz qalır: insanın tanış və etibarlı görünən şeylərə inanması.
Saxta bina çatları: Qonşu adı ilə aldadırlar
Dələduzlar bina sakinləri üçün saxta çatlar yaradır və ya həqiqi qruplara qoşulurlar. Bu hal xüsusilə qonşuların bir-birini hələ yaxşı tanımadığı yeni yaşayış komplekslərində təhlükəlidir.
Ünsiyyətə başlamaq üçün adətən adi görünən bəhanələrdən istifadə edilir: binanın abadlaşdırılması ilə bağlı səsvermə, sakinlərin çatda qeydiyyatı, idarəedici şirkət tərəfindən məlumatların yoxlanılması və ya domofon üçün yeni açarın alınması.
Daha sonra iştirakçılara linkə daxil olmaq, QR-kodu skan etmək, tətbiq quraşdırmaq və ya SMS-lə gələn kodu bildirmək təklif olunur. Dələduzlar şəxsiyyətin təsdiqi bəhanəsi ilə qurbanın hesabına giriş əldə etməyə çalışırlar. Bu, mesajlaşma tətbiqində və ya başqa rəqəmsal xidmətdəki hesab ola bilər.
Hesaba nəzarəti ələ keçirən cinayətkarlar onun sahibinin adından tanışlarına yaza, zərərli linklər göndərə və pul istəyə bilərlər. Beləliklə, hücum daha geniş yayılır: tanıdığınız şəxsin adından gələn mesaja naməlum nömrədən göndərilən mesajla müqayisədə daha az şübhə ilə yanaşılır.
Süni intellekt inandırıcı saxta profillər yaradır
Dələduzlar real insanlara məxsus səhifələrə bənzəyən saxta profillərdən də daha peşəkar şəkildə istifadə etməyə başlayıblar. Belə profillərdə fotolar, paylaşımlar, şərhlər, rəylər və əvvəlki fəaliyyət tarixçəsi ola bilər. Bu hesablar potensial qurbanın etibarını tədricən qazanmaq üçün yaradılır.
Generativ süni intellekt bu işi asanlaşdırır. Onun köməyi ilə qısa müddətdə inandırıcı mətnlər, şəkillər, avatarlar və səsli mesajlar hazırlamaq mümkündür. Cinayətkarlar insanlarla ünsiyyəti davam etdirmək, mesajları konkret şəxsə uyğunlaşdırmaq və eyni vaxtda bir neçə dələduzluq kampaniyası aparmaq imkanı əldə edirlər.
F-Secure şirkətinin “Scam Intelligence & Impacts Report 2026” hesabatında bildirilir ki, dələduzların süni intellektdən istifadə hallarının 89 faizi potensial qurbanı inandırmaq üçün nəzərdə tutulan “yem”in — mesajların, şəkillərin, audio və video materialların — təkmilləşdirilməsi ilə bağlıdır. Bu göstərici F-Secure-un araşdırmasına aiddir və bütün dələduzluq əməliyyatlarının 89 faizində süni intellektdən istifadə edildiyi anlamına gəlmir.
Saxta səslər ayrıca təhlükə yaradır. Cinayətkarlar süni intellekt vasitəsilə qohumun, həmkarın və ya başqa tanış şəxsin səsini təqlid edə, təcili pul köçürülməsinə nail olmağa və ya məxfi məlumat əldə etməyə çalışa bilərlər.
2026-cı ilin fevralında Britaniyanın National Trading Standards qurumu cinayətkarların səs klonlaşdırma texnologiyasından istifadə edərək bank hesablarından icazəsiz, müntəzəm pul çıxarılmasını təşkil etdikləri dələduzluq sxemi barədə məlumat verib.
Süni intellekt dələduzları tövsiyə edəndə: Saxta saytlar necə yayılır?
Digər, getdikcə daha aktual təhlükə insanların şirkətlərin əlaqə məlumatlarını, məhsul tövsiyələrini və məsləhətləri almaq üçün süni intellekt köməkçilərinə daha çox müraciət etməsi ilə bağlıdır. Cinayətkarlar neyron şəbəkələrin saxta saytlara istinad etməsinə və yanlış məlumatlar təqdim etməsinə nail olmağa çalışırlar.
Bunun üçün tanınmış şirkətlərin saytlarının surətlərindən, orijinal ünvana bənzəyən domenlərdən, saxta rəylərdən və xüsusi hazırlanmış materiallardan istifadə oluna bilər. İstifadəçi belə saytı süni intellektin cavabında tapdıqda, verilən tövsiyəni satıcının etibarlılığının təsdiqi kimi qəbul edə bilər.
2026-cı ilin iyununda Britaniyanın National Trading Standards qurumu saxta sayt-klonların süni intellekt əsaslı axtarış sistemlərinin cavablarında göründüyü və gündə yüzlərlə ziyarətçi topladığı barədə xəbərdarlıq edib. Bu saytlar həqiqi mağazaları təqlid edir, məhsullar üçün ödəniş qəbul edir, lakin alıcılar sonradan sifariş etdikləri malları almırlar.
F-Secure süni intellekt sistemlərinin cavab hazırlayarkən istinad etdiyi məlumatların manipulyasiya edilməsi riskinə də diqqət çəkir. Bu sahədə “AI data poisoning” — “süni intellekt məlumatlarının zəhərlənməsi” termini işlədilir. Konkret üsuldan asılı olaraq, söhbət modelin istifadə etdiyi məlumatlara müdaxilədən və ya onun cavab zamanı tapdığı və istinad etdiyi informasiyaya təsir göstərmək cəhdlərindən gedə bilər.
Nadir Talıblı

