İran və Rusiya arasında əməkdaşlıq regional sabitliyin təmin olunmasında mühüm rol oynayacaq. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“İran və Rusiya arasında əməkdaşlıq regionda sabitliyin bərqərar olmasında müvafiq rol oynayacaq. Münasibətlərimizi davam etdirməkdə qətiyyətliyik”, – deyə Əraqçi mətbuat konfransında bildirib. Bu barədə “Press TV” məlumat yayıb.
Onun sözlərinə görə, rusiyalı həmkarı ilə danışıqlar zamanı tərəflər Fars körfəzi və Hörmüz boğazındakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Əraqçi bu vəziyyətin fevralın 28-də başlayan və onun iddiasına görə, müxtəlif formalarda davam edən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının birbaşa nəticəsi olduğunu bildirib.
“ABŞ və sionist rejimin (İsrailin) bizə qəbul etdirdiyi müharibə, eləcə də iqtisadi blokada regionumuzda qeyri-sabitliyin əsas mənbələridir”, – deyə İranın xarici işlər naziri vurğulayıb.
Əraqçi Xəzər dənizindəki vəziyyətdən, xüsusilə gəmilərə hücumlardan da ciddi narahatlığını ifadə edib. O xəbərdarlıq edib ki, bu cür insidentlər regional sülh və təhlükəsizlik üçün ciddi nəticələr doğura, həmçinin Xəzərin həssas ekosisteminə bərpası mümkün olmayan zərər vura bilər.
Tərəflər Əfqanıstanla Pakistan arasındakı münaqişəyə də xüsusi diqqət yetiriblər. Əraqçinin sözlərinə görə, Tehran və Moskva Kabil ilə İslamabad arasında gərginliyin azaldılmasının və terror təhlükələrinə qarşı mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyi barədə ortaq mövqedədirlər.
Danışıqlarda Fələstin, Livan və Yəməndəki vəziyyət də müzakirə olunub. Əraqçi fələstinlilərə qarşı, özünün “soyqırımı” adlandırdığı əməllərin dayandırılmasının, eləcə də onun qiymətləndirməsinə görə, İsrailin regionda təhlükəli ekspansionist siyasətinə son qoyulmasının vacibliyini vurğulayıb.
İranın xarici işlər naziri qeyd edib ki, Tehran və Moskva ABŞ-ın birtərəfli addımlarına qarşı çıxır və qlobal problemlərin həllində çoxtərəfli yanaşmanı təşviq etmək üçün beynəlxalq platformalarda əməkdaşlığı davam etdirmək niyyətindədir.
O, iki ölkənin BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı qoruyub saxlamağa hazır olduğunu da təsdiqləyib.
Əraqçi Lavrovla danışıqları vacib, intensiv və məhsuldar adlandırıb. Onun sözlərinə görə, iki ölkə arasında strateji münasibətlər 20 il müddətinə nəzərdə tutulan hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasından və icrasına başlanmasından sonra yeni mərhələyə qədəm qoyub.
Sənəd Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian tərəfindən 2025-ci il yanvarın 17-də Moskvada imzalanıb. Sazişin icrasına həmin ilin oktyabrında rəsmi olaraq başlanılıb.
Əraqçi əlavə edib ki, Tehranla Moskva arasında iqtisadi əməkdaşlıq uğurla inkişaf edir və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün ciddi maneələr yoxdur.
Onun sözlərinə görə, aparılan danışıqlar iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə, regionda uzunmüddətli sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməlidir.

