Rusiya NATO sərhədində nəhəng radar qurur – Avropanı izləyəcək

20.10.2026 · 16:13 · Katogriyasız

Rusiya NATO sərhədləri yaxınlığında nəhəng radar qurur. Qiymətləndirmələrə görə, bu qurğu Britaniyanı, eləcə də Şimali və Qərbi Avropanı müşahidə etmək imkanına malik olacaq. Peyk görüntüləri tikinti işlərini artıq üzə çıxarıb.

Azpost.info bildirir ki, bu barədə “The Times” nəşri yazır.

Peyk görüntüləri nəyi üzə çıxarıb?

Tikinti işləri Rusiyanın Kalininqrad vilayətində, Qvardeisk şəhərinin yaxınlığında aparılır. Bu ərazi Polşa və Litva sərhədlərindən çox da uzaqda deyil. Peyk görüntülərini Finlandiyanın ICEYE şirkəti yayımlayıb.

Ərazidə üç böyük antena massivi görünür. Onların hər birinin uzunluğu 500 metrdən çoxdur. Ehtimala görə, bunlar üfüqarxası radarın hissələridir. Bu tip radarlar üfüq xəttinin arxasında yerləşən hədəfləri aşkar etmək üçün nəzərdə tutulur.

Qurğunun fəaliyyət məsafəsi texniki xüsusiyyətlərindən asılı olaraq təxminən 900–3000 kilometr qiymətləndirilir. Bu məsafə Britaniyanı, həmçinin Şimali və Qərbi Avropanın böyük hissəsini əhatə etməyə imkan verə bilər.

Belə radar 10 metrdən uzun dalğalar yaya bilər. Bu, hava məkanını izləyən adi uzaqmənzilli radarların istifadə etdiyi dalğalardan onlarla dəfə uzundur. Qurğu radiodalğaların yayılma xüsusiyyətlərindən istifadə edərək birbaşa radar şüasının çatmadığı ərazilərdəki hədəfləri aşkar edə bilər.

Kalininqrad haqqında daha nə məlumdur?

Nəşr qeyd edir ki, Kalininqrad vilayəti artıq müasir hərbi sensorların və radioelektron mübarizə vasitələrinin yerləşdirildiyi əraziyə çevrilib. Moskva bu bölgə üzərində nəzarətini saxlayır və ondan Avropadakı hərbi dayaq məntəqəsi kimi istifadə edir.

Məqalədə qeyd olunan məlumatlar:

-Qiymətləndirmələrə görə, bölgədə 100-ə qədər nüvə başlığının yerləşdirilməsi üçün kifayət qədər anbar və onların daşınması vasitələri mövcuddur.

-Polşa və Litvanın yüksək vəzifəli mənbələri Rusiyanın artıq bölgəyə nüvə başlıqları gətirməyə başladığını düşünürlər.

-Son dörd ildə bölgə GPS siqnallarına davamlı müdaxilələrin mənbəyi olaraq qalır. Bu isə Şimal-Şərqi Avropanın geniş ərazisində gəmilərin və təyyarələrin istiqamət müəyyənləşdirməsini çətinləşdirir.

NATO-nun oxşar sistemləri varmı?

Nəşrin yazdığına görə, NATO-nun Avropadakı müttəfiqləri də oxşar imkanlara malik bir neçə sistemə sahibdir.

Bunlara Kiprdəki Akrotiri Kral Hərbi Hava Qüvvələri bazasında yerləşən Britaniyanın Pluto I və Pluto II üfüqarxası radar stansiyaları, eləcə də Parisin qərbində, Dreu şəhəri yaxınlığında yerləşən Fransanın Nostradamus kompleksi daxildir. Sonuncu da müqayisə edilə bilən miqyasda qurğu hesab olunur.

“Kalininqrad böhranı” ssenarisi

UNİAN-ın məlumatına görə, Litvada Böyük Britaniya və Avropanın müxtəlif ölkələrindən olan alimlər, keçmiş diplomatlar və digər ekspertlər Rusiyanın “Kalininqrad böhranı” vasitəsilə NATO-ya hücumu ssenarisini modelləşdiriblər.

Ssenari Rusiyanın Kalininqrad eksklavında üsyanın başlaması ilə başlayır. Bu, Kreml üçün ciddi sınağa çevrilir. Üsyançılar vilayət qubernatorunu girov götürür və NATO üzvü olan qonşu Litvaya sərhəddən tanklar və qoşun keçirməyi planlaşdırırlar.

Onların məqsədi Moskvanın hazırkı vəziyyətlə müqayisədə Qərb müttəfiqlərinə qarşı daha sərt mövqe tutmasına nail olmaqdır. Üsyançılar NATO ilə qarşıdurmaya başlamaq, daha sonra Rusiyanın qalan hissəsini də bu mübarizəyə cəlb etmək və Moskva ilə Qərb arasında daha genişmiqyaslı müharibəyə səbəb olmaq istəyirlər.

N.Talıblı

AzPost.az