Türkiyədə 455 min investor böhranla üzləşib – Ərdoğan maliyyə rəhbərini işdən çıxardı

20.10.2026 · 18:02 · Katogriyasız

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan investisiya fondlarında baş verən və 455 mindən çox investora təsir edən böhran fonunda ölkənin əsas maliyyə tənzimləyicisinin rəhbərini vəzifəsindən azad edib. Eyni zamanda, Xəzinə və Maliyyə nazirinin müavini Osman Çelik də vəzifəsini tərk edib.

Türkiyənin Kapital Bazarları Şurasının (SPK) rəhbəri Mahmut Sütçünün vəzifədən azad edilməsi, eləcə də Çelikin əvəzlənməsi barədə qərarlar çərşənbə axşamı hökumətin rəsmi qəzetində dərc olunub. Bundan bir gün əvvəl Sütçü səhhətindəki problemləri əsas gətirərək istefa ərizəsi vermişdi. Çelik də təqaüdə çıxdığını bildirib, lakin bunun səbəbini açıqlamayıb.

Azpost.info bildirir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Kadr dəyişiklikləri sentyabr ayında başlayan böhran fonunda baş verib. Həmin vaxt SPK yeddi aktivlərin idarə edilməsi şirkətinin nəzarətində olan 131 investisiya fondunun ləğvi barədə qərar verib. Anadolu agentliyinin məlumatına görə, böhranın nəticələri 455 mindən çox investora təsir edib.

İstanbul prokurorluğu ehtimal olunan maliyyə pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı araşdırmaya başlayıb. İş üzrə adı hallanan şəxslər arasında keçmiş ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya və SPK-nın sabiq rəhbəri də var.

Müxalifət Kaya və həyat yoldaşını investisiya fondlarından qeyri-adi dərəcədə yüksək gəlirlər əldə etməklə böyük qazanc götürməkdə ittiham etdikdən sonra o, hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) vəzifəsini tərk edib. Daha sonra ər-arvad şübhəli qismində prokurorluqda ifadə veriblər.

Əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl Ərdoğanı böhranın qarşısını ala bilməməkdə ittiham edib. O, iqtisadçıların qiymətləndirmələrinə istinad edərək, iqtisadiyyata dəyən zərərin 100 milyard dolları ötə biləcəyini bildirib. Ərdoğan və onun partiyası ittihamları rədd edir, baş verənlərə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılacağını vəd edirlər.

Bazar ertəsi istefalar barədə məlumatların yayılmasından sonra İstanbul Fond Birjası ticarət sessiyasını təxminən 2,5 faiz enişlə başa vurub. Çərşənbə axşamı ticarət açıldıqdan sonra bazar itkilərinin bir hissəsini bərpa edib.

Bir sıra bazar ekspertləri baş verənləri müasir Türkiyə tarixinin ən ciddi maliyyə böhranlarından biri hesab edirlər. Onlar xəbərdarlıq edirlər ki, hakimiyyət zəruri tənzimləyici tədbirlər görməsə, böhranın nəticələri maliyyə bazarının digər sahələrinə də yayıla bilər.

Samir Abdulla

AzPost.az