ABŞ son aylarda Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ələkeçirici raketləri son dərəcə qeyri-müntəzəm şəkildə göndərir. Halbuki bu raketlərin pulunu Ukraynanın Avropa müttəfiqləri artıq ödəyiblər.
Azpost.info bildirir ki, bu barədə Bloomberg agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə Pentaqonun Rusiyanın raket hücumları barədə Kiyevi bir neçə dəfə əvvəlcədən xəbərdar etməməsindən sonra bundan şikayətlənib. Lakin NATO nümayəndələri Ukrayna rəsmilərinə xəbərdarlıq ediblər ki, bu tədarüklər tamamilə dayandırıla bilər. Mənbələrdən birinin sözlərinə görə, NATO rəhbərliyində Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlərin ümidsiz şəkildə korlandığından ehtiyat edirlər.
Vladimir Putinlə dizel yanacağı ilə bağlı razılaşmasından sonra Tramp bir neçə dəfə bəyan edib ki, Ukrayna adından müharibənin dayandırılması barədə danışıqları, bəlkə də, hazırkı prezident deyil, başqa biri aparmalıdır.
NATO Ukraynanı Vaşinqtonla gərginliyi azaltmağa çağırır. Bloomberg agentliyinin həmsöhbətlərindən biri xəbərdarlıq edib ki, Zelenski bu addımı atmasa, Trampın gözlənilməz davranışlarını nəzərə alaraq, PURL proqramı çərçivəsində ABŞ silahlarının tədarükü tamamilə dayandırıla bilər.
PURL — “Ukraynanın prioritet ehtiyacları siyahısı” proqramı çərçivəsində əsasən Avropa ölkələri Ukrayna üçün ABŞ-dan silah alırlar. Hazırda ən təcili ehtiyac “Patriot” sistemləri üçün Rusiyanın ballistik raketlərini vura bilən ələkeçirici raketlərdir. Bloomberg yazır ki, ABŞ hazırda Ukraynaya ayda cəmi 12 “Patriot” raketi göndərir. Bu, Co Baydenin prezidentliyi dövrü ilə müqayisədə dörd dəfə azdır. Üstəlik, Bayden administrasiyası həmin raketləri Ukraynaya ödənişsiz verirdi.
Bununla yanaşı, Zelenskinin bazar ertəsi bildirdiyinə görə, Rusiya bazar günü həyata keçirdiyi hücum zamanı Kiyevə və ətraf ərazilərə 16 ballistik raket atıb. “Və yenə də tərəfdaşlarımızdan heç bir qabaqlayıcı xəbərdarlıq almadıq”, – deyə Zelenski şikayətlənib.
Bir raketi vurmaq üçün adətən iki ələkeçirici raketdən istifadə olunur.
Pentaqon isə mövcud raket ehtiyatlarının Yaxın Şərqdəki əməliyyatlar, eləcə də Çinlə mümkün münaqişə üçün kifayət etməməsindən narahatdır. Bunu ABŞ-ın müdafiə büdcəsi üzrə keçmiş ekspert, hazırda Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışan Mark Kansian bildirib. O deyib: ABŞ-ın “Patriot” raket ehtiyatları çox azdır. Bizim qiymətləndirməmizə görə, onların sayı təxminən 800-dür.
Vaşinqton yalnız PURL proqramı çərçivəsində tədarükləri gecikdirmir, həm də Avropa tərəfdaşlarının Ukraynaya “Patriot” raketləri verməsinə razılıq verməyi dayandırıb.-The Washington Post məlumatlı mənbələrə istinadən yazır.
Mənbələrin sözlərinə görə, ABŞ-ın müdafiə naziri Pit Heqset son belə müraciətləri qeyri-müəyyən vəziyyətdə saxlayıb: onları nə rəsmən rədd edib, nə də təsdiqləyib. “Patriot” sistemlərinin sahibləri raketləri başqa ölkəyə ötürmək üçün ABŞ-dan icazə almalıdırlar, çünki bu silahlar Amerika istehsalıdır.
Bloomberg agentliyinin həmsöhbətlərindən birinin sözlərinə görə, Avropa ölkələri Ukraynaya Tramp administrasiyası ilə münasibətləri düzəltməkdə kömək etməyə çalışırlar. Lakin başqa bir mənbə bildirib ki, hələlik bu məqsədlə Vaşinqtona səfər etmək barədə konkret plan quran yoxdur.
Halbuki əvvəlki dövrlərdə Zelenski ilə Tramp arasında yaranan münaqişələr zamanı münasibətləri bərpa etməyin əsas üsullarından biri tərəflər arasında diplomatik səfərlər və vasitəçilik olub. Buna 2025-ci ilin fevralında Ağ Evin Oval kabinetində baş verən mübahisədən sonra münasibətlərin düzəldilməsi cəhdləri də daxildir.
N.Talıblı

