Avropada təbii qazın qiyməti (Dutch TTF fyuçersləri) çərşənbə axşamı bir qədər artaraq 1 MVt·saat üçün 90 avronu, yaxud 1000 kubmetr üçün 1063 dolları ötüb. Qazın qiyməti sonuncu dəfə 2022-ci ilin dekabrında bu səviyyədə olub.
Lakin həmin vaxt qiymətlər sürətlə aşağı düşməyə başlamışdı. Çünki Rusiyanın başladığı müharibənin yaratdığı enerji böhranının pik dövründə, 2022-ci ilin avqustunda qazın qiyməti 1 MVt·saat üçün 340 avronu, yəni 1000 kubmetr üçün 3600 dolları keçmişdi.
Üç illik nisbi sabitlikdən sonra qaz qiymətlərindəki yeni sıçrayışa bu dəfə Yaxın Şərqdəki müharibə səbəb olub. Qiymətlər 2022-ci ilin rekord göstəricilərindən hələ də bir neçə dəfə aşağı olsa da, 2026-cı ilin fevralından bəri üç dəfə artıb.
Hörmüz boğazının bağlanması nəticəsində Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün dayanması Avropa ilə Asiya arasında ABŞ qazı uğrunda rəqabəti kəskinləşdirib. Asiyada da qiymətlər 2022-ci ildəki səviyyəyə yüksəlib.
Avropada vəziyyəti qaz anbarlarının aşağı doluluq səviyyəsi də çətinləşdirir. Hazırda anbarların doluluğu 74,6 faizdir. Bu göstərici təkcə 2022-ci ilin eyni dövründən deyil, müvafiq məlumatların toplanmağa başlandığı 2009-cu ildən bəri istənilən ilin eyni dövründə qeydə alınan səviyyədən aşağıdır.
Bununla belə, Avropa İttifaqının əvvəlki illərlə müqayisədə o qədər qaz istehlak etməsinə ehtiyac yoxdur. Günəş və külək enerjisinin, enerji saxlama sistemlərinin sürətli inkişafı, eləcə də sənayenin enerji tutumunun azalması qaza tələbatı və qaz qiymətlərinin elektrik enerjisinin qiymətinə təsirini zəiflədib.
Bloomberg yazır ki, oktyabrda havanın mülayim keçməsi Avropada qaza tələbatı məhdudlaşdırıb. Bu da yerli enerji şirkətlərinə ehtiyatları ilin bu dövrü üçün adi haldan daha sürətlə artırmaq imkanı verib.
Son həftələrdə Fars körfəzi ölkələrindən mayeləşdirilmiş təbii qaz ixracı da tədricən bərpa olunmağa başlayıb. Lakin tədarükün həcmi müharibədən əvvəlki səviyyə ilə müqayisə edilə bilməz. Həmin vaxt region dünya üzrə mayeləşdirilmiş qaz tədarükünün təxminən 20 faizini təmin edirdi.
Buna görə də bazar iştirakçılarının narahatlığı aradan qalxmır.
Energy Aspects analitikləri xəbərdarlıq ediblər: “ABŞ ilə İran arasındakı münaqişənin qısa müddətdə həll olunması hələ də az ehtimallıdır”.
Rabobank-ın enerji strategiyaları üzrə mütəxəssisləri hesabatlarında bildiriblər: Geosiyasi vəziyyətin pisləşməsi yaxın perspektivdə qiymətlərin artmasına səbəb ola bilər. Enerji daşıyıcılarının qiymətlərində yeni sıçrayış riski yüksək olaraq qalır.
Avropa qazdan asılılığını necə azaldıb?
2022-ci il böhranından sonra Avropa İttifaqının enerji balansı əhəmiyyətli dərəcədə dəyişib. Günəş və külək enerjisi hələ 2025-ci ildə elektrik istehsalında qazı və kömürü geridə qoyub. Bu mənbələr Aİ-də istehsal olunan elektrik enerjisinin 30 faizini təmin edib. Fosil yanacaqların payı isə 29 faiz olub.
2021-ci ildə ümumi gücü 28,9 GVt olan günəş elektrik stansiyaları tikilmişdisə, sonrakı dörd ildə bu göstərici təxminən 230 GVt-a çatıb. Başqa sözlə, hər il orta hesabla təxminən 58 GVt yeni günəş enerjisi gücü istifadəyə verilib.
Ötən ildən etibarən enerji saxlama sistemlərinin inkişafı da sürətlənib. Batareyalar günəşli və küləkli saatlarda istehsal olunan enerjini toplayaraq sonradan, o cümlədən axşam saatlarında istifadə etməyə imkan verir.
Məsələn, Ember analitik mərkəzinin məlumatına görə, Bolqarıstanda 2026-cı ilin ilk yarısında günəş panelləri ilə batareyaların birgə fəaliyyəti axşam saatlarında — saat 19:00-dan 21:00-dək — enerji istehlakının 24 faizini təmin edib. Halbuki 2024-cü ildə ölkədə belə enerji saxlama sistemləri, demək olar ki, mövcud deyildi.
BloombergNEF-in məlumatına əsasən, 2025-ci ildə Avropa İttifaqında 6,95 GVt gücündə batareya əsaslı enerji saxlama sistemləri quraşdırılıb. Bu, 2024-cü illə müqayisədə 2,6 dəfə, 2021-ci illə müqayisədə isə təxminən 25 dəfə çoxdur.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin elmi əməkdaşı Tatyana Mitrovanın sözlərinə görə, Avropa İttifaqı son dörd ildə Rusiya qazının tədarükünün itirilməsinə uyğunlaşıb və artıq əvvəlki qədər qaza ehtiyac duymur.
Onun izahına görə, Avropa ölkələri bərpaolunan enerji istehsalını inkişaf etdirib, ABŞ-dan mayeləşdirilmiş təbii qaz alışını təmin edib və qaza tələbatı azaldıblar. Buna qaz tutumlu bəzi sənaye müəssisələrinin bağlanması və onların Avropaya qayıtmasının gözlənilməməsi də təsir göstərib.
N.Talıblı

