PayPal və Palantir şirkətlərinin həmtəsisçisi, milyarder investor və Respublikaçılar Partiyasının tərəfdarı Piter Til ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşıb.
Azpost.info bildirir ki, onun sözlərinə görə, ABŞ bəlkə də bu münaqişəyə başlamamalı idi.
“Bu müharibəyə şübhə ilə yanaşıram. Düşünürəm ki, biz onu başlatmamalıydıq. Çoxsaylı səhvlərə yol verilib”, – Til ötən həftə Neşvildə keçirdiyi mühazirə zamanı bildirib.
O, ABŞ-ın qarşıdurmada qalib gəlmək imkanlarını da sual altına alıb. Milyarderin fikrincə, ölkənin hərbi baxımdan kifayət qədər güclü olmaması və beynəlxalq nüfuz uğrunda mübarizəni uduzması mümkündür.
Tilin çıxışının audioyazısını Politico qəzeti əldə edib. Onun bu açıqlamaları ABŞ Konqresinə aralıq seçkilərinə cəmi iki həftə qalmış səslənib. Həmin seçkilərdə respublikaçılar qanunverici orqandakı nəzarətlərini qorumağa çalışırlar.
Mühazirə zamanı milyarder neokonservatorlara və Yaxın Şərqdə aparılan müharibələrə qarşı olduğunu da vurğulayıb.
Bununla belə, nəşrin qeyd etdiyi kimi, Tilin İrana qarşı hərbi əməliyyatları tənqid etməsi onun Trampa dəstəyindən imtina etdiyi anlamına gəlmir. Milyarder ABŞ prezidentini dəstəkləməyə davam etdiyini təsdiqləyib.
N.Talıblı
