ABŞ İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah, ikili təyinatlı texnologiyalar və sanksiya tətbiq edilən digər məhsulların daşınmasının qarşısını almaq üçün “Iron Gate” adlı əməliyyat qrupu yaradıb.
Azpost.info bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü məlumat yayıb. Komandanlıq bu təşəbbüsü İrana qarşı tətbiq edilən dəniz blokadasının genişləndirilməsi kimi təqdim edib. CENTCOM-un rəhbəri, admiral Bred Kuper bildirib ki, “Iron Gate” əməliyyat qrupunun yaradılması ABŞ-ın İrana qarşı sərt dəniz blokadasının uğurunu möhkəmləndirəcək.
Onun sözlərinə görə, hərbi komandanlığın digər ABŞ dövlət qurumları ilə əməkdaşlığı Tehranın terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini bərpa etmək və hərbi ehtiyatlarını artırmaq imkanlarını məhdudlaşdırmağa kömək edəcək.
Yeni əməliyyat qrupuna təxminən 20 mülki və hərbi mütəxəssis daxil olacaq. Qrup Florida ştatında yerləşəcək. Onun əsas vəzifələri arasında müasir silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiya tətbiq edilən materialların və qanunsuz maliyyə axınlarının İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə daşınmasının qarşısını almaq var.
Bununla belə, CENTCOM qrupun qarşıya qoyulan vəzifələri hansı üsullarla həyata keçirəcəyini və hərbi əməliyyatların keçirilməsinin nəzərdə tutulub-tutulmadığını açıqlamayıb. Dəniz blokadası fonunda İran quru ticarət marşrutlarından daha fəal istifadə etməyə başlayıb. Xüsusilə Tehranın ən böyük ticarət tərəfdaşı olan Çin Mərkəzi Asiya üzərindən dəmir yolu daşımalarını artırır.
İranın Rusiya ilə də quru yolları və Xəzər dənizi vasitəsilə geniş ticarət əlaqələri var. Xəzər dənizi Rusiyanın cənub-qərb bölgələri ilə İranın şimalı arasında birbaşa nəqliyyat əlaqəsi yaradır.
CBS News-un məlumatına görə, ABŞ tərəfi dəniz blokadası nəticəsində İranın təxminən 25 milyard dollar dəyərində neft satmaq imkanının məhdudlaşdırıldığını bildirir. Həmin neftin böyük hissəsi Asiya bazarları üçün nəzərdə tutulmuşdu.
N.Talıblı
