Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
-Hörmətli cənab Prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmisiniz.
Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir. Buna görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Düz altı il bundan əvvəl Şuşa şəhəri erməni işğalından azad edilmişdir və ondan bir gün sonra Ermənistan rəsmən təslim olmuşdur. Beləliklə, 30 illik işğal sona çatdı.
Şuşa şəhəri 28 il əsarət altında idi, ancaq öz milli ruhunu itirmədi. Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.
Əziz qardaşım, Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz – “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır.
Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdir. Bu döyüşlərdə 3000 şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı, onların intiqamı döyüş meydanında alındı və tarixi ədalət bərpa edildi.
İşğal dövründə, təbii ki, müxtəlif vaxtlarda müəyyən ümidlər də var idi – bu məsələ, bu münaqişə sülh yolu ilə öz həllini tapa bilər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.
Bu gün vəziyyət tam başqadır. Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Bildiyiniz kimi, artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, amma hələ son imza atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, bu barədə Türkiyə və Azərbaycan ictimaiyyəti yaxşı bilir.
44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir.
Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz – iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.
Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür. Nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və bizi çox sevindirir, bizi gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla inamla irəliləyir. Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir.
Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada, Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, heç kimdə – nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur.
Təbii ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik. Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi – bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”.
Əziz qardaşım, gəldiyiniz üçün Sizə bir daha təşəkkür edirəm. Sağ olun.
x x x
Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.
-Hörmətli cənab Prezident, Əziz qardaşım.
Hörmətli heyət üzvləri.
Hörmətli media nümayəndələri.
Sizləri şəxsən öz adımdan, ölkəm və millətim adından ən səmimi hisslərlə və məhəbbətlə salamlayıram.
Qarabağ Zəfərinin altıncı ildönümündə sizlərlə birlikdə olmaqdan məmnunam. Bu əlamətdar ildönümünü şairin “Dilimizdə işlənən ən əziz bir söz kimi, Canımızı isidən ocaq kimi, köz kimi, Ən qoxulu güllərlə çiçək açan Şuşamız”, – deyə tərif etdiyi tarix, təbiət və mədəniyyət şəhəri gözəl Şuşada olmaqdan xüsusi məmnunluq duyuram.
Çıxışımın əvvəlində Qarabağın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla anıram. Qazilərimizə təşəkkürümüzü bildirir, Allahdan onlara cansağlığı, rifah və uzun ömürlər diləyirəm.
Altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir. Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir.
Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir.
2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır.
Biz bu missiyanı, eyni zamanda, Türk Dünyasında da hakim mövqeyə gətirmək üçün var gücümüzlə çalışırıq. Türk Dövlətləri Təşkilatımızın bu gün çatdığı yüksək səviyyə ortaq iradəmizin və səylərimizin ən bariz nəticəsidir. Fürsətdən istifadə edərək, sədrliyi dövründə Türk dünyasının birlik və möhkəmliyi üçün göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edirəm. İnşallah, biz də sədrliyimiz dövründə təşkilatın daha güclü, daha institusional quruma çevrilməsi üçün səy göstərəcəyik.
Hörmətli media nümayəndələri, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrə qapı açıb. Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan Zəfəri dayanıqlı sülh və sabitliklə taclandırmaqdır. Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə dayanıqlı sülhün bərqərar olması yönündə səmimi səylərini də dəstəkləyirik. Qarabağın yenidən bərpası və bölgənin əvvəlki gözəlliyinə qovuşması üçün Azərbaycanın ortaya qoyduğu fəaliyyəti böyük təqdirlə izləyirik.
Qarabağda yenidən yanan hər ocaq, yüksələn hər bina və bərpa olunan tarixi miras Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və bərpa fəaliyyətlərinə töhfə verməyə davam edəcəyik. Ən son Cəbrayılda “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Ağıllı Tingçilik” Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur. Bundan başqa, Ağdamda sahəsi 14 min 500 kvadratmetr olan qırx otaqlı məktəbimizin inşasına da başlandı. İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik.
Əziz qardaşlarım, çıxışımı yekunlaşdırarkən xüsusilə bu gün buraya gələrkən ayrı-ayrı yeddi tuneldən keçdik. Bu yeddi tunel bölgədə infrastrukturun inşasının nə qədər uğurlu olduğunu ortaya qoyur. Şuşaya gələrkən haradan-haraya gəldiyimizi görməyin xoşbəxtliyi içərisindəyik. İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha çox fərqli olacaq, Füzuli başqa cür fərqli olacaq. Çünki bu işə inanan, can yandıran bir lider var, bir komanda var. Bu lider, bu komanda eyni inancla və eyni qətiyyətlə yoluna davam edir.
Mən Qarabağ Zəfərini canları və qanları ilə tariximizə həkk edən əziz şəhidlərimizi bir daha rəhmətlə yad edirəm. Qəhrəman qazilərimizə təşəkkürlərimi bildirir, azərbaycanlı qardaşlarımı bu şanlı Zəfər münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Türkiyə və türk milləti olaraq hər zaman yanınızda olmaqda, kədərinizi kədərimiz, sevincinizi sevincimiz bilməkdə, inşallah, davam edəcəyik. Təşəkkür edirəm.
Çıxışımın sonunda mərhum şair Bəxtiyar Vahabzadənin məşhur ifadələrini dilə gətirmək istəyirəm:
Rəbbim ay-ulduzlu al Bayrağımızla şanlı Azərbaycan Bayrağının göylərdə yan-yana əbədi dalğalanmasını nəsib etsin. 9 Noyabr – Dövlət Bayrağı Gününüzü ən səmimi hisslərimlə təbrik edir, buradan qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram.
İlham qardaşıma səmimi ev sahibliyi üçün bir daha təşəkkür edirəm.
