2027-ci ildə müharibə veteranlarının aylıq Prezident təqaüdünün artırılması məsələsi yenidən gündəmə gəlib.
Gələn il Azərbaycanda altıncı sosial islahat paketinin həyata keçirilməsi nəzərdə tutulur. Bu paket çərçivəsində veteranlara ödənilən aylıq təqaüdün də artırılıb-artırılmayacağı maraq doğurur. Hazırda müharibə veteranlarına aylıq 80 manat Prezident təqaüdü ödənilir. Bu ödəniş əmək pensiyası deyil, dövlət başçısının sərəncamı ilə müəyyən edilmiş ayrıca sosial təminat növüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev 2027-ci ildə yeni sosial islahat paketinin həyata keçirilməsi üçün dövlət və icmal büdcələrində maliyyə təminatının yaradıldığını bildirib.
Maliyyə naziri Sahil Babayev isə noyabrın 11-də açıqlayıb ki, sosial islahatlarla bağlı təkliflər yekunlaşdırılaraq Prezidentə təqdim ediləcək. Müvafiq qərarlar qəbul edildikdən sonra paket üçün vəsait ayrılacaq.
Lakin indiyədək açıqlanan məlumatlarda müharibə veteranlarının aylıq 80 manatlıq təqaüdünün artırılması ilə bağlı konkret qərar və ya məbləğ göstərilməyib.
Veteranların təqaüdü dəyişəcəkmi?
Altıncı sosial islahat paketinin hazırlanması fonunda müharibə veteranlarının sosial təminatının yaxşılaşdırılması məsələsi də diqqət çəkir. Xüsusilə, aylıq 80 manatlıq Prezident təqaüdünün artırılması veteranlar üçün mühüm sosial dəstək olardı. Bununla yanaşı, müharibə iştirakçılarının əmək pensiyası alan hissəsinin pensiya artımları ayrıca mexanizmlə tənzimlənir. Müharibə əlillərinə verilən Prezident təqaüdləri də veteranların 80 manatlıq ödənişindən fərqlənir.
Azpost.info 2027-ci ilin sosial islahat paketində müharibə veteranlarının təqaüdünün artırılmasının nəzərdə tutulub-tutulmadığını aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.
Nazirliyin cavabını təqdim edəcəyik.
S. Abdulla
