Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə görüşündə Vaşinqtonun Avropa ölkələrinə təsir göstərməsini arzuladığını bildirib.
Rusiya liderinin fikrincə, avropalılar nəhayət hansı yolu seçdiklərini – sülhü, yoxsa müharibəni istədiklərini müəyyənləşdirməlidirlər.
“Çox istərdik ki, siz və bütövlükdə Amerika administrasiyası avropalı məsləhətçilərinizlə işləyəsiniz və onların nə istədikləri – sülh, yoxsa müharibə – məsələsinə aydınlıq gətirəsiniz”, – deyə Putin bildirib.
Görüş zamanı Vladimir Putin Rusiyanın ukraynalıların “boz zonalar” məsələsini gündəmə gətirdiyindən xəbərdar olduğunu da bəyan edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ liderinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəliblər. Onlar daha əvvəl Əbu-Dabidə olublar. Burada Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib.
Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, həmin məsləhətləşmələrin əsas mövzusu Avropa qitəsində təhlükəsizlik arxitekturası olub.
