Azərbaycanda pensiya sisteminin maliyyələşdirilməsində diqqətçəkən dəyişiklik baş verir. Dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayrılan vəsaitin fondun ümumi gəlirlərindəki payının 2017-ci ildəki 38 faizdən 2027-ci ildə 17,4 faizə enəcəyi proqnozlaşdırılır. Eyni zamanda, pensiya və sosial sığorta ödənişlərinin həcmi artmaqda davam edir.
Bu, ölkənin pensiya sistemində dövlət büdcəsindən asılılığın azalması və məcburi sosial sığorta daxilolmalarının rolunun artması deməkdir.
2027-ci ilin dövlət büdcəsi və DSMF-nin büdcə layihəsində əksini tapan göstəricilərdən belə görünür ki, gələn il fondun gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 897,4 milyon manat və ya 10,8 faiz çoxdur.
Maraqlı məqam isə fondun gəlirlərinin hansı mənbələr hesabına formalaşacağıdır.
Pensiya fondunun gəlirlərinin 82 faizi sosial sığorta haqlarından olacaq
Proqnoza əsasən, DSMF-nin gələn ilki gəlirlərinin 7 milyard 587 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına formalaşacaq. Bu, fondun ümumi gəlirlərinin 82,3 faizini təşkil edir. Həmin daxilolmaların 67,5 faizinin qeyri-büdcə sektorunun, 32,5 faizinin isə büdcədən maliyyələşən təşkilatların payına düşəcəyi gözlənilir. Başqa sözlə, özəl sektorda çalışanların, işəgötürənlərin və digər sığorta ödəyicilərinin pensiya sisteminin maliyyələşdirilməsində rolu artır.
Qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarının 2027-ci ildə 5,1 milyard manat, büdcədən maliyyələşən təşkilatlar üzrə isə 2,5 milyard manat olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, məcburi dövlət sosial sığorta haqları üzrə ümumi daxilolmaların 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 995,4 milyon manat və ya 15,1 faiz artacağı gözlənilir.
Dövlətin ayırdığı pul azalır, pensiya ödənişləri artır
DSMF-nin maliyyələşdirilməsindəki dəyişiklik dövlət büdcəsindən ayrılan vəsaitdə də özünü göstərir.
2027-ci ildə sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 1,6 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 100 milyon manat və ya 5,9 faiz azdır. Daha diqqətçəkən göstərici isə bu vəsaitin fondun ümumi gəlirlərindəki payıdır. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildəki 38 faizdən 2027-ci ildə 17,4 faizə düşəcəyi proqnozlaşdırılır.
Beləliklə, 10 il ərzində dövlət büdcəsinin DSMF gəlirlərindəki nisbi payı 20,6 faiz bəndi azalacaq.
Bu tendensiyanın arxasında sosial sığorta haqları üzrə daxilolmaların artması dayanır. Xüsusilə qeyri-büdcə sektorunda əmək müqavilələrinin və əməkhaqqı fondunun genişlənməsi sığorta yığımlarının artmasına təsir edən amillərdəndir.
Pensiya və müavinətlərə ayrılan vəsait nə qədər artacaq?
Dövlət büdcəsindən ayrılan vəsaitin payının azalması pensiya ödənişlərinin ixtisar edilməsi demək deyil. Əksinə, 2027-ci ildə DSMF-nin əhaliyə ödənişlərinin artırılması nəzərdə tutulur. Fondun gələn il üzrə ümumi xərclərinin 9 milyard 273 milyon manat olacağı proqnozlaşdırılır. Bunun 8 milyard 950 milyon manatı və ya 96,5 faizi əhaliyə ödənişlərə yönəldiləcək.
Əhaliyə ödənişlərin 2026-cı illə müqayisədə 753,6 milyon manat artacağı gözlənilir. Bu vəsaitin 8 milyard 669 milyon manatı əmək pensiyalarına, 280,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinətlərə sərf ediləcək.
Digər mühüm məqam 2027-ci ildə əmək pensiyalarının təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsaitin nəzərdə tutulmasıdır. Proqnoza əsasən, gələn il orta aylıq əmək pensiyasının 639 manata, yaşa görə orta aylıq pensiyanın isə 680 manata çatacağı gözlənilir.
Bu dəyişiklik pensiya sisteminin gələcəyi üçün nə deməkdir?
DSMF-nin gəlirlərində sosial sığorta haqlarının payının yüksəlməsi pensiya sisteminin öz maliyyə mənbələri hesabına təminat imkanlarının genişləndiyini göstərir. Bu prosesin davam etməsi üçün əmək bazarında rəsmi məşğulluğun artması, əməkhaqlarının leqallaşdırılması, işəgötürənlərin sosial sığorta öhdəliklərini tam yerinə yetirməsi mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, pensiya sisteminin dayanıqlılığı yalnız gəlirlərin artması ilə müəyyən edilmir. Pensiyaçıların sayının dəyişməsi, əhalinin yaş strukturu, əməkhaqqı fondunun dinamikası və gələcək pensiya öhdəlikləri də nəzərə alınmalıdır.
Burada diqqətçəkən başqa bir məqam da var: DSMF-nin 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat, xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır. Yəni fondun xərcləri gəlirlərini 52 milyon manat üstələyir. Bu fərqin hansı mənbə hesabına qarşılanacağı da sistemin maliyyə dayanıqlılığı baxımından izlənilməli məsələlərdəndir.
Beləliklə, Azərbaycanın pensiya sistemində əsas dəyişiklik dövlət büdcəsindən ayrılan vəsaitin tamamilə aradan qalxması deyil, sosial sığorta daxilolmalarının maliyyələşmədə daha böyük rol oynamağa başlamasıdır. Əgər bu tendensiya davam edərsə, gələcək illərdə pensiya sisteminin maliyyələşdirilməsində əmək bazarının və sığorta ödəyicilərinin rolu daha da arta bilər.
Samir Abdulla
