Azərbaycanda pensiya yaşına çatan hər kəsin əmək pensiyası almaq hüququ yaranmır. Bunun üçün yalnız yaş həddinə çatmaq kifayət etmir. Şəxsin fərdi hesabında kifayət qədər pensiya kapitalı olmalı və ya qanunvericilikdə nəzərdə tutulan sığorta stajı tələbi ödənilməlidir. Bu şərtləri yerinə yetirə bilməyən şəxslərin bir qismi əmək pensiyası əvəzinə sosial müavinət alır.
Məsələ xüsusilə uzun illər rəsmi əmək fəaliyyəti ilə məşğul olmayan, əməkhaqqı almadan işləyən və ya sosial sığorta ödənişləri fərdi hesabında qeydə alınmayan şəxslər üçün aktualdır. Belə insanlar pensiya yaşına çatdıqda hansı təminatla əhatə olunurlar? Pensiya kapitalı minimum məbləğdən az olduqda onların hüquqları necə qorunur?
Pensiyaya çıxmaq üçün nə qədər kapital və staj lazımdır?
Azərbaycanda 2026-cı il iyulun 1-dən etibarən həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 müəyyən edilib.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası hüququ iki şərtdən biri əsasında yaranır:
-Şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası məbləğində pensiya təminatına imkan verməlidir;
-Pensiya kapitalı bu məbləğdə pensiya almağa imkan vermədikdə, şəxsin azı 25 il sığorta stajı olmalıdır.
Hazırda minimum əmək pensiyası 320 manatdır. Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən, bu məbləğdə pensiya təminatı üçün tələb olunan minimum kapital 46 080 manat təşkil edir. Beləliklə, pensiya yaşına çatan şəxsin hesabında 46 080 manat və ya daha çox kapital varsa, 25 illik staj tələbi olmadan da yaşa görə əmək pensiyası hüququ yarana bilər. Kapital bu məbləğdən azdırsa, ən azı 25 il sığorta stajı tələb olunur.
Burada mühüm məqam odur ki, 46 080 manat hər bir vətəndaş üçün mütləq yığılmalı olan yeganə şərt deyil. 25 illik sığorta stajı bu tələbə alternativdir.
Azərbaycanda neçə nəfər minimum pensiya alır?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə ölkədə 1 milyon 100 min pensiyaçı qeydiyyatda olub. Onların aldığı aylıq pensiyanın orta məbləği 594,4 manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.
Maraqlı məqam isə minimum pensiya alanların sayıdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il iyulun 1-nə Azərbaycanda minimum məbləğdə əmək pensiyası alanların sayı 12 794 nəfər olub. 2025-ci ilin eyni dövründə bu göstərici 34 569 nəfər təşkil edirdi.
Beləliklə, bir il ərzində minimum pensiya alanların sayı 21 775 nəfər və ya 63 faiz azalıb.
Kateqoriyalar üzrə göstəricilər belədir:
-Yaşa görə minimum pensiya alanlar – 11 799 nəfər;
-Əlilliyə görə minimum pensiya alanlar – 363 nəfər;
-Ailə başçısını itirməyə görə minimum pensiya alanlar – 632 nəfər.
Dövlət Sosial Müdafiə Fondu minimum pensiya alanların sayının azalmasını pensiyaların mütəmadi indeksləşdirilməsi və artımlarla izah edib. Yəni pensiyası minimum həddə olan bəzi şəxslərin ödənişi artaraq həmin həddi keçib və onlar artıq minimum pensiya alanlar kateqoriyasına daxil edilməyiblər.
Burada bir fərqi də qeyd etmək lazımdır: 12 794 nəfər minimum məbləğdə pensiya alanların sayıdır. Bu rəqəm pensiya kapitalı kifayət etməyən və ya pensiya hüququ olmayan bütün şəxslərin sayını göstərmir.
Minimum pensiya ilə orta pensiya arasında nə qədər fərq var?
2026-cı ildə minimum əmək pensiyası 320 manat, orta aylıq əmək pensiyası isə 594,4 manatdır. Bu iki göstərici arasında 274,4 manat fərq var. Başqa sözlə, ölkə üzrə orta pensiya minimum pensiyadan təxminən 1,86 dəfə çoxdur.
Orta pensiya göstəricisinin yüksək olması bütün pensiyaçıların bu məbləğdə vəsait alması demək deyil. Fərdi pensiya məbləği şəxsin sığorta kapitalından, əmək fəaliyyətindən və digər sığorta göstəricilərindən asılıdır.
Pensiya kapitalı çatmayanların sayı niyə açıqlanmır?
Araşdırmanın ən mühüm suallarından biri pensiya yaşına çatan, lakin 46 080 manat kapitalı və 25 illik sığorta stajı olmayan şəxslərin ümumi sayıdır. Hazırda açıq rəsmi statistikada bu kateqoriyaya aid şəxslərin ayrıca sayı göstərilmir. Minimum pensiya alanların sayı ilə pensiya hüququ olmayanların sayını eyniləşdirmək də düzgün deyil. Çünki 46 080 manat kapitalı olmayan, lakin 25 il sığorta stajı olan şəxs əmək pensiyası hüququ qazana bilər. Digər tərəfdən, pensiya kapitalı və stajı kifayət etməyən şəxs pensiya yaşına çatdıqda sosial müavinət almaq hüququ əldə edə bilər.
Bu səbəbdən pensiya kapitalı çatmayanların real sayını müəyyənləşdirmək üçün Dövlət Sosial Müdafiə Fondunun ayrıca statistikasına ehtiyac var.
Pensiya hüququ olmayan şəxslərə nə qədər pul verilir?
Əmək pensiyası hüququ yaranmayan şəxslər üçün qanunvericilikdə yaşa görə sosial müavinət mexanizmi nəzərdə tutulub. Hazırda bu müavinətin məbləği 220 manatdır. Müavinət 65 yaşına çatmış, əmək pensiyası almayan və rəsmi gəliri olmayan, yəni işləməyən kişilərə və qadınlara təyin edilir.
Qanunvericilikdə bəzi kateqoriyalar üçün güzəştlər də mövcuddur. Beş və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı səkkiz yaşınadək tərbiyə etmiş valideynlər üçün yaş həddi beş il azaldıla bilər. Bunun üçün qanunda göstərilən əlavə şərtlər də ödənilməlidir.
Yaşa görə sosial müavinət ömürlük təyin edilir və proaktiv qaydada ödənilir. Lakin şəxs rəsmi gəlir əldə etməyə başladıqda müavinətin ödənişi dayandırılır. Bu ödəniş əmək pensiyası deyil. Onun məbləği minimum əmək pensiyasından 100 manat azdır.
Sosial təminat mexanizmi nə qədər insanı əhatə edir?
Yaşa görə sosial müavinət alanların sayı da diqqətçəkən göstəricidir.
2026-cı ilin son məlumatına görə Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 178 498 nəfərə çatıb. Onların 39,9 faizini kişilər, 60,1 faizini qadınlar təşkil edib. Bu rəqəm pensiya hüququ olmayan və yaşa görə sosial müavinət alanların miqyasını göstərən mühüm göstəricidir. Bununla belə, həmin şəxslərin hamısının pensiya kapitalı çatışmazlığı səbəbindən müavinət aldığı nəticəsinə gəlmək olmaz.
Digər tərəfdən, aztəminatlı ailələr üçün ünvanlı dövlət sosial yardımı mexanizmi də mövcuddur. 2026-cı il iyulun 1-nə 78,9 min ailənin 349,3 min üzvü bu yardımla əhatə olunub. Bir nəfərə düşən orta aylıq yardım 97,9 manat təşkil edib.
Beləliklə, əmək pensiyası hüququ olmayan vətəndaşlar üçün sosial müavinət və müəyyən şərtlərlə ünvanlı sosial yardım mexanizmləri mövcuddur.
Əsas problem nədir?
Pensiya sistemində əsas məsələlərdən biri rəsmi əmək fəaliyyəti və sosial sığorta ödənişlərinin gələcək təminata birbaşa təsir etməsidir. Uzun illər qeyri-rəsmi çalışan, əmək müqaviləsi olmadan işləyən və ya fərdi hesabında kifayət qədər sığorta kapitalı formalaşmayan şəxslər pensiya yaşına çatdıqda daha aşağı sosial təminatla üzləşə bilərlər.
320 manat minimum əmək pensiyası ilə 220 manat yaşa görə sosial müavinət arasındakı 100 manatlıq fərq də bu problemin sosial tərəfini göstərir. Ona görə də vətəndaşların əmək fəaliyyəti dövründə fərdi hesablarında toplanan pensiya kapitalını mütəmadi yoxlaması, sığorta stajının düzgün qeydə alınmasına diqqət yetirməsi vacibdir.
Pensiya təminatı məsələsi yalnız pensiya yaşına çatanda deyil, insanın əmək fəaliyyətinə başladığı vaxtdan formalaşır.
Samir Abdulla
