ABŞ Əfqanıstana 300 milyon dollar yardım ayırdı –

RƏSMİ
12 Yanvar 2022 - 11:45

Çərşənbə günü Birləşmiş Ştatlar Əfqanıstana 308 milyon dollar həcmində yeni humanitar yardım ayrılmasını elan edib.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Hornun sözlərinə görə, yardım bilavasitə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyindən (USAID) “müstəqil humanitar təşkilatlara” daxil olacaq.

USAID təmsilçiləri bəyan ediblər ki, maliyyə vəsaiti ərzaq təminatına, tibb müəssisələrinin dəstəklənməsinə və mobil tibbi xidmətlər göstərilməsinə, humanitar əməkdaşların gediş-gəliş çətin olan rayonlara səfərlərinə, həmin bölgələrə təchizat vasitələrinin çatdırılmasına, həmçinin insanları qışı salamat keçirmələrinə kömək proqramlarına yönləndiriləcək.

USAID-in məlumatında deyilir: “Birləşmiş Ştatlar əvvəlki kimi Əfqanıstan xalqına yardımın göstərilməsinə tərəfdardır. Lakin bu yardımın bütün humanitar əməkdaşlara, xüsusən qadınlara maksimum faydalı olmasından ötrü sərbəst və təhlükəsiz hərəkət etməyə icazə verilməlidir. Bu əməkdaşlar maneəsiz olaraq qadınlara və qızlara yaxınlaşmaq imkanı əldə etməlidirlər. Birləşmiş Ştatlar “Taliban”ı maneəsiz humanitar əlçatanlıq təqdim etməyə, humanitar təşkilatlar üçün təhlükəsiz şərait yaratmağa, bütün imkansız insanlara sərbəst şəkildə kömək göstərilməsini təmin etməyə və hər iki cinsdən olan humanitar işçilərə sərbəst hərəkət üçün imkan yaratmağa səsləməkdə davam edir”.