ABŞ Dövlət katibi Maykl Pompeo İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi ilə bağlı Suriyanın şimal-qərbində ABŞ qoşunları tərəfindən həyata keçirilən xüsusi əməliyyat çərçivəsində Rusiya rəsmiləri ilə əlaqə qurduğunu söyləyib.
APA “Fox News”a istinadən xəbər verir ki, bununla bağlı açıqlama verən Pompeo Rusiyanın hansı rəsmisi ilə əlaqə qurduğunu deməyib.
Əməliyyat ərəfəsində Dövlət Departamentinin Müdafiə Nazirliyi ilə birlikdə səylə çalışdığını deyən Dövlət katibi ABŞ-ın nəzarəti altında olmayan hava məkanına girməli olduğunu və bu səbəbdən də rusiyalı həmkarlardan dəstək aldıqlarını dilə gətirib.
Qeyd edək ki, oktyabrın 27-də prezident Donald Tramp İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyanın İdlib əyalətində keçirdiyi xüsusi əməliyyat zamanı öldürüldüyünü bildirib. ABŞ prezidenti əməliyyata kömək etdiyi üçün Rusiya, İraq, Suriya və Türkiyəyə təşəkkür edib.