ABŞ hakimiyyəti TRIPP+ fondunun maliyyəsini iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb.
Azpost.info bildirir ki, bu barədə Hetq.am mənbələrə istinadən yazır.
Fond bu ilin 26 yanvar tarixində – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilən görüşdən iki həftə sonra yaradılıb.
Görüşün yekununda yayılan sənəddən məlum olub ki, tərəflər Ermənistanın cənubundan keçəcək TRIPP marşrutunun inkişafı və həyata keçirilməsi ilə məşğul olacaq TRIPP Development Company adlı şirkət yaradacaqlar.
Şirkətin səhmlərinin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ-yə, daha dəqiq desək, ABŞ-ın Delaver ştatında yaradılacaq TRIPP Development Company US şirkətinə məxsus olacaq.
Elə həmin gün – 26 yanvarda Delaver ştatında TRIPP+ Enterprise Fund da təsis edilib. Fondun rəhbəri ABŞ-da hakim Respublikaçılar Partiyasını və xüsusilə Prezident Donald Trampı dəstəkləyən iş adamı Konstantin Sokolov təyin olunub. Xatırladılır ki, Tramp rəsmi olaraq Ermənistanın ən böyük mobil rabitə operatorlarından biri olan “Viva Armenia” QSC-nin səhmlərinin 20 faizinin sahibi hesab olunur.
highergov.com portalının məlumatına görə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosu 30 yanvar tarixində TRIPP+ fonduna 201 milyon dollar məbləğində qrant ayırıb. Bu vəsaitin 2036-cı il 31 dekabr tarixinədək, təxminən 11 il ərzində istifadə olunması nəzərdə tutulurdu.
Həmin mənbənin məlumatına əsasən, 16 iyul tarixində sənədə dəyişiklik edilib və ABŞ hökuməti TRIPP+ fonduna ayrılacaq qrantın həcmini 402 milyon dollara çatdırmağı öhdəsinə götürüb. Vəsaitin istifadə müddəti dəyişməyərək 2036-cı ilin sonunadək qüvvədə saxlanılıb.
highergov.com-da yer alan məlumatlardan belə nəticə çıxır ki, 402 milyon dolların hamısı artıq TRIPP+ fondunun sərəncamına verilib.
Mənbənin məlumatına görə, ayrılmış vəsaitlərin əsas hissəsinin Ermənistanda istifadə olunması planlaşdırılır.