ABŞ Donbasla bağlı güzəşt istəyir? – Zelenski Oslo görüşündə nə ilə üzləşəcək

20.10.2026 · 18:12 · Katogriyasız

Vaşinqton müharibəni başa çatdırmaq üçün Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyaya ərazi güzəştləri etməyə çağırmağı planlaşdırır.

Azpost.info bildirir ki, “The New York Times” qəzetinin yazdığına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu təkliflə Osloya gedir. O, çərşənbə axşamı orada Zelenski ilə görüşməlidir. Qəzetin məlumatına əsasən, Ukrayna ilə razılaşma əldə etməyə qətiyyətli yanaşan ABŞ prezidenti Donald Tramp Zelenskini inandırmağa çalışır ki, Rusiyanın artıq işğal etdiyi Donbas ərazilərini saxlamaq uğrunda mübarizə buna dəyməz.

Bundan əlavə, Ağ Ev Kiyevi inandırmağa çalışır ki, Ukrayna mümkün razılaşmaya qarşı etirazlarından əl çəksə, bundan fayda əldə edə bilər. Hətta həmin razılaşma əsasən Rusiyanın şərtləri əsasında hazırlansa belə.

Trampın köməkçiləri müharibənin hazırda “həlledici mərhələdə” olduğunu və növbəti addımın Zelenskidən asılı qaldığını bildirirlər. Onların fikrincə, Ukrayna prezidenti Ağ Ev rəhbərinə Moskva ilə razılaşmağa hazır olduğunu sübut etməlidir. Bu isə suveren ərazilərdən imtina etmək anlamına gəlsə belə.

Oslo görüşündə Norveçin baş naziri Yonas Qar Störe, Finlandiya prezidenti Aleksandr Stubb və Trampın kürəkəni Cared Kuşner də iştirak edəcəklər. Kuşner müzakirələrə onlayn formatda qoşulacaq.

Görüşdən bir gün sonra amerikalılar Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa yollanacaqlar. “The New York Times” yazır ki, Trampın nümayəndələri orada növbəti addımı atmağa çalışacaqlar. Onlar uzun müddətdir Rusiyada həbsdə saxlanılan ABŞ vətəndaşının azad edilməsinə nail olmaqla, Rusiya prezidenti ilə razılaşmalar əldə etməyin faydasını nümayiş etdirmək istəyirlər.

“Axios”un mənbələrinin məlumatına görə, söhbət muzdluluq maddəsi ilə yeddi il müddətinə azadlıqdan məhrum edilmiş ABŞ vətəndaşı Stiven Habbarddan gedir. Uitkoffun Osloda Zelenski ilə danışıqlarında müharibənin dayandırılması təklifinin hazırlanmasında iştirak edən Avropa İttifaqı və NATO ölkələrinin nümayəndələri də iştirak edəcəklər.

“Axios”un məlumatına görə, bu müzakirələr oktyabrın 9-da Mayamidə keçirilmiş görüşün davamı olacaq.

“Financial Times”ın yazdığına görə, həmin görüşdə Trampın nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirəcəyi təqdirdə Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini və silah tədarükünü dayandırmaqla hədələyiblər.

Ukrayna nümayəndə heyəti danışıqların ikinci günündə iştirak etməyib və Mayamini tərk edib.

AzPost.az