Amerikalı hərbçilərə “TikTok” sosial şəbəkə tətbiqindən istifadə qadağan edilib.
APA-nın “Military.com” portalına istinadən verdiyi məlumata görə, ABŞ hakimiyyəti “TikTok” tətbiqinin istifadəçilərin məlumatlarının oğurlanması üçün istifadə edilməsindən şübhələnir.
ABŞ ordusunun nümayəndəsi Robin Oçao “TikTok” tətbiqini təhlükəsiz saymadıqlarını, buna görə də hərbçilərin xidməti telefonlarında “TikTok”dan istifadəyə icazə verilmədiyini bildirib. Bu barədə qərar ABŞ Müdafiə Nazirliyinin dekabrın 16-da bu sosial şəbəkə barədə xəbərdarlığından sonra qəbul edilib. R. Oçoa deyib ki, hərbçilər şəxsi mobil telefonlarında “TikTok”dan istifadə edə bilərlər.
Qeyd edək ki, “TikTok” Çin sosial şəbəkəsidir. İstifadəçilər bu sosial şəbəkədə qısa əyləncəli videoroliklər yerləşdirə və baxa bilərlər. ABŞ Pekinin “TikTok”u Çin kəşfiyyatı ilə əməkdaşlığa məcbur edə biləcəyindən şübhələnir. “TikTok” rəhbərliyi bu ittihamı qəbul etmir, amerikalı istifadəçilərinin məlumatlarının qorunduğunu, həmin məlumatların açıqlanmasının Çin qanunvericiliyində nəzərdə tutulmadığını bəyan edir.
Xatırladaq ki, bundan əvvəl “TikTok” 13 yaşdan aşağı istifadəçilər haqqında qanunsuz informasiya toplanması məsələsinin tənzimlənməsi üçün ABŞ-a 5,7 milyon dollar məbləğində cərimə ödəməyə razılaşıb.