ABŞ hərbi əməliyyatlardan zərər görmüş insanlara yardım məqsədi ilə 5 mln. dollar ayırır” –

POMPEO
18 Noyabr 2020 - 00:52

ABŞ Beynəlxalq Qırmızı Xaç Komitəsinə, digər tərəfdaş beynəlxalq tərəfdaşlara, qeyri-hökumət təşkilatlarına hərbi əməliyyatlardan zərər görmüş insanlara yardım məqsədi ilə 5 mln. dollar ayırır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun ABŞ-ın Gürcüstandakı səfirliyinin “Facebook” hesabında paylaşılan bəyanatında bildirilib.

Bildirilib ki, bu yardımla birlikdə 2019-cu maliyyə ilindən sonra ABŞ-ın Ermənistan və Azərbaycana etdiyi humanitar yardımının həcmi 10 mln. dolları keçəcək.

Qeyd olunub ki, ayrılacaq vəsaitin 3.9 mln. dolları COVİD-19-la mübarizədə həssas miqrantlar, qaçqın və məcburi köçkünlər, həmçinin, onlara evsahibliyi edən icmalar üçün nəzərdə tutulub.

“ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən hazırlanan yeni yardım paketi münaqişədən əziyyət çəkən insanların ərzaq, sığınacaq, tibbi ləvazimatlarla təmin edilməsini dəstəkləyəcək. ABŞ hökumətinin humanitar ekspertləri böhranın miqyasını dəyərləndirmək istiqamətində işlərini davam etdirirlər”, – deyə bəyanatda bildirilib.

Bəyanatda digər hökumətlərə dəstəklərini yeniləmək və genişləndirmək barədə çağırış edilib.