Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Mark Esperi bu ayın sonunda Moskvada keçiriləcək hərbi parada dəvət edib.
Məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Şoyqu dəvəti iyunun 2-də telefon söhbətində dilə gətirib, Esperin dəvəyi qəbul edib-etmədiyi bəlli deyil.
İyunun 24-də Moskvanın Qızıl Meydanda II Dünya Müharibəsində nasist Almaniyasının məğlub edilməsinin 75-ci ildönümü münasibətilə parad planlaşdırılır. Adətən, Rusiya bu paradı mayın 9-da keçirir, ancaq builki tədbir koronavirus pandemiyasına görə təxirə salınmışdı. Rusiyada hələ də koronavirusdan hər gün rekord sayda yoluxma qeydə alınır.
Vaşinqtonla Moskvanın münasibətləri Suriya və Ukrayna münaqişələri daxil olmaqla, bir sıra məsələlərə görə gərgindir.
Telefon söhbəti zamanı Şoyqu və Esperin silahlara nəzarəti, koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlığı müzakirə etdiyi bildirilib. Nazirliyin məlumatına görə, danışıqlarda “Suriyada vəziyyətin sabitləşməsi, münaqişənin dayandırılması, Əfqanıstan və digər yerlərdə hərbi kontingentin təhlükəsizliyinin təminatı” da götür-qoy edilib.