ABŞ-ın Qazaxıstandakı səfiri istefa verəcəyini açıqlayıb

06.12.2024 · 09:14 · Dünya

ABŞ-ın Astanadakı səfiri Daniel Rozenblüm Qazaxıstan hökumətinə bildirib ki, 2025-ci il yanvarın 20-də ABŞ Dövlət Departamentində 28 illik uğurlu karyerasını başa vuraraq vəzifəsindən istefa verəcək.

ABŞ-ın Qazaxıstandakı səfirliyinin saytının məlumatına görə, diplomat 2022-ci ilin noyabrından missiyanın rəhbəri vəzifəsini icra edir. D.Rozenblüm Vaşinqtonun güclü və inkişaf edən tərəfdaşlıq əlaqələri qurduğu Qazaxıstanda ABŞ-ı təmsil etmək imkanına görə minnətdarlığını bildirib.

Məlumatda qeyd olunur ki, səfirin rəhbərliyi altında ABŞ və Qazaxıstan arasında əlaqələr inkişaf edib, ticarət və investisiyalar sahəsində əhəmiyyətli irəliləyişlər əldə edilib.