ABŞ Maduronun Bakıya gəlməsini istəmir –Venesuela rəhbəri Qoşulmama Hərəkatının sammitində iştirak edəcək

ABŞ Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində Venesuela prezidenti Nikolas Maduronun iştirakının əleyhinədir.  

Azpost.info bildirir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisinin müavini Rocer Karstens Vaşinqton Beynəlxalq Mətbuat Mərkəzində çıxışı zamanı qeyd edib.

Turan İnformasiya Agentliyinin “Maduronun Azərbaycanda qəbul edilməsi ABŞ-ın tənqidinə səbəb olacaqmı? sualının cavabında Karstens deyib: “Əlbəttə, biz insanların söhbətin Madurodan getdiyini və onunla münasibət qurmağın nəticələri ola biləcəyini bilməsini istəyirik”.

Eyni zamanda, o dərhal əlavə edib: “Maduronun Bakıda qəbul edilməsi, məsələn, Kuba, Rusiya və ya Çin tərəfindən Venesuela rejiminə dəstək verməklə eyni şey deyil”.

Sonda Karstens rəsmi Bakıya Maduroya hörmət göstərməzdən əvvəl BMT ali komissarı Mişel Baçeletin 4 iyul tarixli məruzəsi ilə tanış olmağı tövsiyə edib.

O çıxışı zamanı deyib ki, Venesuela rejimi BMT-nin İnsan Hüquqları Şurasının üzvü ola bilməz və üzv dövlətlər onun namizədləyini təcrid etməlidir.

Gələn həftə BMT Baş Assambleyası 47 ölkədən ibarət olan İnsan Hüquqları Şurasının 14 yeni üzvünü seçəcək. Venesuelanın Nikolay Maduro hökuməti də üç illik müddət üçün namizədliyini irəli sürüb, Vaşinqton bunu “gülünc” hesab edir: “Maduro rejimi öz xalqına qarşı yolverilməz insan hüquqları pozuntuları törətməkdə davam edir. Mahiyyətcə, o, sistemli işgəncələr, məhkəməsiz qətllər, repressiya və qorxutmalar siyasəti ilə vətəndaşların əsas hüquqlarını inkar edir və onlardan məhrum edir”,- deyə dövlət katibinin köməkçisinin müavini Rocer Karstens çıxış edərkən bildirib.

Hazırda 55-ə yaxın ölkə Xuan Quaydonu Venesuelanın qanuni müvəqqəti prezidenti kimi tanıyır. BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet təqdim etdiyi məruzədə bu ölkədə işgəncə, cinsi həqarət və məhkəməsiz qətllər xronikasını göstərib.

Karstensin sözlərinə görə, Maduro hökuməti İnsan Hüquqları Şurasında yer almağa müvəffəq olarsa, bu, təşkilatın nüfuzunu və bütövlüyünü sarsıdacaq və Venesuela rejiminə özünü beynəlxalq sanksiyalardan qorumaq imkanı verəcək.

Xatırladaq ki, Maduronun bu ayın sonlarında Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda oktyabr havası payıza oxşamır –

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 22 dəfə pozub