ABŞ Misiri sanksiyalarla təhdid edib

- Vaşinqton Qahirəyə rəsmi məktub göndərib
15 Noyabr 2019 - 15:44

ABŞ hökuməti Rusiyadan qırıcı təyyarələr almaq barədə qərar verəm Misiri sanksiyalar tətbiq etməklə təhdid edib. Adının çəkilməsini istəməyən Birləşmiş Ştatlar rəsmisi “Bloomberg” agentliyinə bildirib ki, Vaşinqton bununla bağlı Qahirəyə rəsmi məktub göndərib.

Azərtac Əl Cəzirə telekanalına istinadla xəbər verir ki, məktubda Misirin Rusiyadan qırıcı təyyarələr alacağı təqdirdə bu ölkəyə ABŞ-dan hərbi yardımın dayandırılacağı və müasir silah və texnikanın tədarükünün məhdudlaşdırılacağı qeyd olunub. Məktubu Dövlət katibi Maykl Pompeo və Müdafiə naziri Mark Esper imzalayıblar.

Tramp administrasiyasının Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə yaxın əlaqələr qurmağa çalışması fonunda bu cür məktubun göndərilməsi təəccüblə qarşılanıb. ABŞ Misirin ən əsas silah tədarükçüsüdür, amma Rusiya son illər Yaxın Şərqdəki silah bazarında fəallığını artırıb. Moskvanın Ankara və İranla hərbi-texniki əməkdaşlığı NATO-nun əsas dövləti olan ABŞ-da narahatlıq doğurur.