ABŞ Türkiyəni yeni sanksiya ilə hədələdi –

Dövlət katibi əməliyyatı dayandırmağa çağırdı
17 Oktyabr 2019 - 09:52

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında oktyabrın 15-i telefon danışığı olub.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə M.Pompeo öz “Twitter” səhifəsində yazıb.

M.Pompeo bildirib: “Ötən gün Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışmışam, Türkiyəni hərbi əməliyyatı dayandırmağa və Suriyanın şimal-şərqində təhlükəsizlik məsələləri üzrə ABŞ-la dialoqa qayıtmağa çağırdım”.

Qeyd edək ki, bu telefon danışığı ABŞ-ın Türkiyənin Milli Müdafiə və Energetika və Təbii Sərvətlər Nazirliklərini və bu nazirliklərin rəhbərləri Hulusi Akar və Fatih Dönməz, həmçinin daxili işlər naziri Süleyman Soylunu sanksiyalar siyahısına əlavə etdikdən sonra yaradılan ilk əlaqə olub.

“RİA Novosti”nin məlumatına  görə isə Vaşinqton Türkiyəni yeni sanksiyalarla hədələyib.

“Ankara Suriyanın şimalındakı “Sülh bulağı” əməliyyatını dayandırmazsa, ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək”- deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqlar uğurla yekunlaşmazsa, Türkiyə iqtisadiyyatını “dağıdıcı” nəticələr gözləyir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında “Sülh bulağı” adı altında hərbi əməliyyatlara başlayıb.