Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşdən sonra Vaşinqtonun Ukraynaya təhlükəsizlik zəmanətləri vəd etdiyini bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Osloda keçirilən görüşdə NATO-nun 5-ci maddəsinin prinsiplərinə əsaslanan təhlükəsizlik zəmanətləri müzakirə olunub. ABŞ tərəfi bu zəmanətlərin “güclü” olmalı olduğunu təsdiqləyib. Müvafiq təkliflər isə sənəddə əksini tapıb.
Zelenskinin sözlərinə görə, ABŞ Kiyevə kəşfiyyat məlumatlarını yenidən tam həcmdə təqdim etməyə başlayıb. Bundan başqa, Ukrayna yaxın 48 saat ərzində Starlink sisteminin fəaliyyətinin bərpa olunacağını gözləyir. Kiyev, eyni zamanda, Rusiya da analoji addım atacağı təqdirdə, Rusiyanın enerji infrastrukturundakı “həssas obyektlərə” zərbələr endirməkdən imtina etməyə hazırdır.
Zelenski bildirib ki, Oslodakı səfərdən sonra Uitkoff və Trampın digər xüsusi nümayəndəsi, onun kürəkəni Cared Kuşner Rusiyaya yollanacaqlar.
Onlar Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini Rusiya tərəfinə çatdıracaqlar. Bundan sonra Kiyev Moskvanın cavabını 24 saat ərzində gözləyəcək.

