ABŞ ÜST-ün koronavirusla bağlı hesabatını qəbul etmir –

"Çin şəffaf məlumatlar təqdim etməyib"
30 Mart 2021 - 23:25

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında COVID-19-un mənşəyinə aydınlıq gətirilməyib.

“RİA Novosti” xəbər verir ki, bunu Ağ Ev mətbuat katibi Cen Psaki bildirib.

“Mütəxəssislərimiz hər hansı bir fərziyyə üçün əlavə dəstək olmadığından narahatdırlar. Altı-doqquz ay əvvəl koronavirusun mənşəyi ilə bağlı baş verənlərə dair daha çox izahat və ya daha çox məlumat əldə edilməsinə yaxın deyilik. Bunun gələcəkdə qarşısını necə almalı olduğumuza dair heç bir göstərici və ya tövsiyə yoxdur, bu isə vacibdir”, – Psaki belə deyib.

Bundan başqa, o, Çini virusun mənşəyinin səbəbləri ilə bağlı qeyri-şəffaf olmaqda günahlandırıb.

“Onlar şəffaf deyildilər, məlumatları təqdim etməyiblər. Bunu qətiyyən əməkdaşlıq adlandırmaq olmaz”, – deyə Psaki əlavə edib.