ABŞ YPG-yə “kürd dövləti qurmaq missiyamız yoxdur” dedi –Türkiyə planı necə pozdu?

Rusiya Xarici İşlər Nazirliyi (XİN) kürd silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədindən geri çəkilməyə başladığını açıqlayıb. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Soçidə Rusiya və Türkiyə arasında əldə olunan razılığa əsasən, kürd silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədindən çıxarılması həyata keçirilir. Soçidə əldə olunan razılaşma və memorandumun icrasının həyata keçirildiyini qeyd etməkdən məmnunuq”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Ötən gün isə 300 Rusiya Hərbi Polisi Suriyaya göndərilib. Bu qüvvələr Suriya-Türkiyə sərhədində kürd qüvvələrinin çıxmasına nəzarət edəcək. Rusiya hökuməti bəyan edib ki, kürdlərin müəyyən olunmuş ərazidən çəkilməmək şansı yoxdur, əks təqdirdə onlar Türkiyə ordusu qarşısında yalnız qala bilər.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri arasında Suriyanın şimalındakı vəziyyətlə bağlı danışıqlar və razılaşma oktyabrın 22-də Soçidə 6 saat davam edən danışıqlardan sonra əldə olunub. Prezidentlər arasında əldə olunmuş 10 maddəlik anlaşmaya əsasən 150 saat içində YPG 32 kilometrlik “təhlükəsizlik zonası”ndan çıxacaq, həmin vaxtdan etibarən 10 kilometr dərinliyində Türkiyə və Rusiyanın silahlı qüvvələri birgə patrul həyata keçirəcək. Hər iki ölkə Suriyanın ərazi bütövlüyünü tanıyır, ölkə sərhədləri daxilində yeni idarəçilik formalarını qəbul etməyəcək.

Oktyabrın 17-də isə ABŞ vitse-prezidenti Mayk Pens Ankaraya gələrək Türkiyə prezidenti ilə danışaraq “Sülh Çeşməsi” əməliyyatını müvəqqəti də olsa dayandırmağa nail olub. Anlaşmaya əsasən 120 saat ərzində kürd qüvvələri Türkiyənin nəzərdə tutduğu sərhəd xəttindən 32 kilometr geriyə çəkilməli idi. Bununla da əməliyyata 5 sutkalıq fasilə verilib.

İndi isə atəşkəsə ruslar təminat verir və Rusiya XİN-nin son açıqlamasından belə məlum olur ki, Moskva Türkiyə ilə əldə olunan razılaşmanın icrasına ciddi yanaşır. Yəni ruslar təyin olunmuş vaxtda qədər kürdlərin Suriya-Türkiyə sərhədindən çıxarmağa çalışır.

Əslində isə kürdlərin indi bu razılaşmaya əməl etməmək kimi bir imkanları da qalmayıb. Bundan əvvəl təxminən 5 il kürdlər ABŞ ordusu ilə yaxından əməkdaşlıq edib, Pentaqon kürd silahlılarına təlim keçib, onları silah və zirehli texnika ilə təmin edib. Eyni zamanda kürdlər ABŞ ordusunun hava dəstəyi ilə Suriyanın şimal-şərqində böyük əraziləri ələ keçirib, İŞİD-in Suriya “paytaxtı” Raqqanı təmizləyib nəzarətə götürüb. Lakin bu ilin oktyabrında Ərdoğan ABŞ prezidetini qüvvələri Suriyanın şimalından çəkməyə razı salıb və kürdlər bu zaman faktiki olaraq Türkiyə ordusu qarşısında qalıblar. Bundan sonra isə Rusiya kürdlərlə Suriya hökuməti arasında vasitəçilik edib və kürd bölgələrinin iri yaşayış məskənlərinin böyük hissəsi – cənubda Deyr əz-Zor istisna olmaqla – Suriya ordusunun nəzarətinə keçib. Məhz bundan sonra ABŞ ordusunun bir qismi ümumiyyətlə, Suriyanı tərk edərək İraqa keçib. Kürd əhali isə bunu xəyanət adlandırıb və ABŞ ordusu maşınlarını daş, pomidor atəşinə tutub.

ABŞ müdafiə naziri isə görünür ki, kürdlərin bu reaksiyasına cavab olaraq “uzun müddətdir ki, NATO müttəfiqi olan bir ölkəyə qarşı kürdləri (YPG/PKK) müdafiə etmək və ya bir kürd dövlət qurmaq kimi bir missiyamız yox idi” – deyib.

Müdafiə naziri Mark Esper deyib ki, ABŞ-ın Suriyada YPG/PKK ilə əməkdaşlıq etməsinin əsas səbəbi İŞİD-lə mübarizə olub.

Təxminən oxşar açıqlamanı bir qədər əvvəl ABŞ prezidenti verib. Müdafiə nazirinin bu açıqlamanı təkrarlaması isə bir mənada ABŞ-ın kürdlərdən narazı qalması kimi yozula bilər. PYD/YPG-nin Türkiyə ordusu qarşısında tez-tələsik Rusiyaya sığınması heç şübhəsiz ki, Vaşinqtonda xoş qarşılanmayıb. Üstəlik bu hərəkətdən sonra faktiki olaraq Suriyada kürd muxtariyyəti qurulması ehtimalları xeyli azalıb. Bu isə kürd planının faktiki olaraq puça çıxması deməkdir.

Rusiya isə bu vəziyyət ciddi siyasi-diplomatik uğurlar qazandı. Bir tərəfdən Bəşər Əsədin mövqeləri xeyli möhkəmlənmiş oldu, digər tərəfdən isə Rusiya Türkiyə ilə daha da yaxınlaşdı və Moskva kürdlər üzərində ciddi təsir əldə etdi. Bu bir mənada Rusiyanın Suriyada triumfu sayıla bilər. Bu mənada indi Moskva Ankara ilə əldə olunmuş razılığa əməl etməklə yanaşı, kürdləri də daha çox əlində saxlamağa çalışacaq. Kürdlərin isə indi o qədər də ciddi manevr imkanları onsuz da qalmayıb. (Yeni Müsavat)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vurğun Əyyubun doğum günü münasibətilə ədəbi-bədii gecə keçirilib

Sonrakı məqalə

Həbsdən çıxmış siyasi fəal İlkin Rüstəmzadə universitetə bərpa edildi