“ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən və regionun müdafiə sənayesi ilə bağlı ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə yekun vurulub.

Üç gün davam edən sərgilərdə 40 ölkədən 218-dək şirkət iştirak edib. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci illə müqayisədə sərgilərin yeni iştirakçıları olublar.

On dörd ölkə isə milli pavilyonla təmsil olunub. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak ediblər. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32 faiz artım qeydə alınıb.

Pavilyonun tərkibində 4 stend fəaliyyət göstərib. “Bakı Ekspo Mərkəzi”nin qapalı ərazisində Müdafiə Sənayesi Nazirliyinin 85 kvadratmetr sahəni əhatə edən bir stendi, Nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin isə qapalı məkanda 256 kvadratmetr və 360 kvadratmetr sahələri əhatə edən iki, açıq ərazidə 500 kvadratmetr sahəni əhatə edən bir stendi quraşdırılıb.

Əvvəlki məqalə

“Məsuliyyətsiz qərardır”

Sonrakı məqalə

“Qəzzada HƏMAS-ın saxladığı girovların çoxu hələ də sağdır”