“ADI SƏNİN, DADI MƏNİM” –Tramp Əsədi Moskvaya verib, nefti özündə saxlayıb (TƏHLİL) 

 Rusiya prezidenti Vladimir Putin Suriyada xoşagəlməz maliyyə problemi ilə üzləşib. Belə ki, ABŞ silahlı qüvvələrini Suriyadan çıxartdıqdan sonra Putinin müttəfiqi Bəşər Əsəd (Bashar Asad) ölkənin nəzarətində olmayan böyük bir hissəsinə iddialarını irəli sürməyə hazırlaşır.

Azpost.info bildirir ki, bu barədə “Bloomberg” agentliyinin siyasi icmalçısı Henri Meyer (Henry Meyer) yazır:

“ABŞ Suriyanın şimal-şərqində neft yataqlarını mühafizə etmək üçün hərbi iştirakını davam etdirir. Bu da Əsədi səkkiz ildir davam edən vətəndaş müharibəsindən sonra dövləti bərpa etmək üçün lazım olan vəsaitdən məhrum edir.

Rusiyanın 2015-ci ildə Suriyaya hərbi müdaxiləsi Əsədə kömək olub. Belə ki, Suriya prezidenti ABŞ və müttəfiqləri tərəfindən dəstəklənən üsyan nəticəsində hakimiyyətdən uzaqlaşdırıla bilərdi. BMT-nin hesablamalarına əsasən, Suriyanın bərpasına 250 milyard dollar lazım ola bilər. Halbuki Suriya rəhbərliyi əsas müttəfiqləri – İran və Moskvanın kiçik maliyyə dəstəyinə ümid edə bilər.

Əsədin hakimiyyətdən getməsini tələb edən Səudiyyə Ərəbistanı mövqeyini bir qədər yumşaldıb. Çünki Rusiya Suriyada dominant rol oynamağa başlayıb, ABŞ-ın təsiri isə zəifləyib. Ötən həftə Rusiya və Türkiyə Suriyanın şimalında sərhədyanı zonada birgə patrul xidməti həyata keçirməklə bağlı saziş imzalayıb.

ABŞ İŞİD, həmçinin Suriya və Rusiya qüvvələrini neft yataqlarına nəzarət imkanından məhrum etmək üçün Deyr-əz-Zor regionu yaxınlığında əsgərlərini yerləşdirib. Rusiya Müdafiə Nazirliyi addımı pisləyərək, bunun “beynəlxalq quldurluq” olduğunu deyib. ABŞ müdafiə naziri Mark Esper (Mark Esper) Amerika hərbçilərini hədəf alan istənilən təhlükəyə “güclü cavab” veriləcəyini bildirib.

Çərşənbə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov Pentaqonun qərarını tənqid edib. Belə ki, ABŞ İraqa göndərdiyi Amerika qoşunlarını Suriyaya qaytarmaq istəyir. Nazir həmçinin neft yataqlarına nəzarətlə bağlı aparılan hərbi əməliyyatın “qanunsuz” olduğunu deyib.

 “Moscow Policy Group” konsaltinq şirkətinin Yaxın Şərq üzrə eksperti Yuri Barmin qeyd edib ki, cihadçıların nəzarətində olan İdlib vilayətinin işğal etməyə hazırlaşan Rusiya, ola bilsin, orada kök salan İŞİD haqqında məlumat təsdiqini tapdığı üçün müəyyən dəstək hiss edəcək. Barminin sözlərinə görə, Moskva beynəlxalq ittihamlarla əlaqəli riskə getməyəcək, Suriyada siyasi prosesin başladığı bir vaxtda Rusiya dinc əhali arasında çoxlu sayda itkiyə yol verə bilməz.

BƏƏ-dən olan siyasi ekspert Əbdülxalid Abdulla (Abdulkhalid Abdullah) qeyd edib ki, çox güman, Səudiyyə Ərəbistanı pul kisəsinin ağzını bağlı saxlayacaq və bu hal 2021-ci il BMT-nin müşahidəsi altında keçiriləcək prezident seçkiləri başa çatanadək davam edəcək.

Uzun illərdir davam edən münaqişə və sanksiyalar nəticəsində ölkədə neft hasilatı 90% azaldığı üçün ötən il Suriyada sutkalıq hasilat cəmi 24 min barel təşkil edib. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın sabiq müdafiə naziri:

Sonrakı məqalə

Müsavat Partiyası bələdiyyə seçkilərində iştirakdan imtina edib –