Bu gün ADMİU nəzdində Humanitar Kollecdə 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kollecin müəllim-tələbə heyəti, şəhid ailələri iştirak edib.
Əvvəlcə kollecin 44 günlük Vətən müharibəsində canından keçən altı şəhidinin xatirə lövhəsinin önünə tər güllər düzülüb, həmin şəhidlər haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Eyni zamanda kollecin foyesində tələbələrin 27 Sentyabr – Anım Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi keçirilib.
Humanitar Kollecin akt zalında reallaşan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sonra Kollecin direktoru dosent Nərmin Qaralova çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanı yerdə qalmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi və buna görə də qazanılan Böyük Qələbənin tarixi xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Direktor dosent Nərmin Qaralova Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edərək 27 Sentyabr Azərbaycan tarixində hər zaman qürur günü kimi xatırlanacağını diqqətə çatdırıb.
Daha sonra ADMİU nəzdində Humanitar Kollecin tələbələrinin Samir Qulamovun qəhrəmanlıq salnaməmizi özündə əks etdirən “Bir nəfəs qədər” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın nümayişi baş tutub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Dadaşov Əmrahın quruluş verdiyi səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında ciyərparasının yoxluğu ilə barışmaq məcburiyyətində qalır…
Tədbir şəhid analarının çıxışı ilə yekunlaşıb.