AES tikmək üçün 10 milyard dollar lazımdır –Azərbaycanın buna ehtiyacı varmı?

Rusiyanın “Rosatom” dövlət şirkəti Azərbaycanda atom elektrik stansiyası (AES) inşa etməyi təklif edib.

Onların fikrincə, bununla Azərbaycan qaza qənət edə və xaricə ixracını artıra biləcək.

Azpost.info JAM-a istinadən bildirir ki, hələlik bu təklifə rəsmi reaksiya yoxdur, ekspertlər və sosial şəbəkə istifadəçiləri isə “ölkəyə AES lazımdırmı” sualı ətrafında müzakirələr aparırlar.

 Köhnə mövzu

İndi Azərbaycan elektrik enerjisinin 90 faizini istilik elektrik stansiyalarında (İES) qaz yandıraraq əldə edir. Qalan 10 faiz isə su elektrik stansiyalarında (SES) hasil olunur.

Azərbaycanda AES inşası haqda hələ SSRİ dövründən bəri danışılır. Hətta Bakı ətrafında bunun üçün yer seçib, təməlini də qoyublar. Amma 1986-cı ildə Çernobıl AES-də qəza baş verəndən sonra bu planlardan imtina edilib.

İndi də Rusiya Azərbaycana yenidən AES haqda düşünməyi təklif edir və xatırladır ki, 2018-ci ildə ölkədə elektrik istifadəsi 14 faiz artıb.

AES inşaatı Azərbaycana təxminən 10 milyard dollara başa gələcək – Rusiyanın keçmiş atom energetikası nazirinin müavini Bulat Niqmatulin hesablayıb.  Böyük puldur, amma Niqmatulinin sözlərinə görə, bu vəsaiti elə Rusiyanın özündən borc götürmək mümkündür: “Bu məqsədlər üçün Rusiya 3-4 illik kredit ayıra bilər və siz enerji daşıyıcılarının ixracı sayəsində bu borcu rahatca qapada bilərsiz. Ümumilikdə isə stansiyanın qurulması üçün bütün xərclər 10-12 il ərzində artıq geri qayıtmış olacaq”.

 Atom elektrik stansiyalarının müsbət və mənfi cəhətləri

AES-in İES-dən əsas üstünlüyü yanacaq mənbələrindən (neft, qaz, kömür) qətiyyən asılı olmamasıdır. Buna görə də AES elektrik təminatı sarıdan yanacaq ehtiyatları az olan və ya baha olan ölkələr üçün daha uyğundur. Çaylarda suyun səviyyəsindən və təbiətin digər şıltaqlıqlarından asılı olan SES AES və İES-lə rəqabətə girə bilmir.

Bir də hesab olunur ki, AES təbiəti daha az çirkləndirir.

AES-in əsas çatışmazlığı çox təhlükəli olmasındadır. Çernobıl və Fukusima AES-də baş verən partlayışlar bariz nümunədir. AES-in rentabelliyi də şübhə doğurur.

Ekspertlərin şərhi: baha və təhlükəli

Neft-qaz energetikası sahəsində ekspert İlham Şaban əmindir ki, yaxın 40 ildə Azərbaycana atom elektrik stansiyası lazım olmayacaq və ümumiyyətlə bu çox baha başa gəlir: “Hələ onu da nəzərə almaq lazımdır ki, personal hazırlığına 7 ilə yaxın vaxt gedəcək. Nəyə lazımdır? Atom enerjisindən istifadə edən ölkələrin sırasına daxil olmaq üçün?”.

Hazırda dünyada 31 belə ölkə var. İtaliya hələ 1990-cı ildə Çernobıl faciəsindən qorxaraq bu siyahıdan çıxıb. Belçika, Almaniya, İspaniya və bəzi digər ölkələr də gələcəkdə atom enerjisindən imtina etmək niyyətindədir.

Bir çox yerli ekspertlər hesab edirlər ki, bu AES Rusiyanın Azərbaycan üzərindən qazanc əldə etmək və ölkəni özünə bağlamaq üçün növbəti bəhanəsidir.

AMnews-un siyasi şərhçisi Şahin Rzayev də tikintini luzumsuz sayıb: “Azərbaycanda Rusiya AES-in tikilməsi Azərbaycanı Rusiyadan asılı vəziyyətə qoyur. Bu stansiyaya xidmət göstərmək üçün bizdə kifayət qədər mütəxəssis yoxdur, uran və başqa nüvə yanacağı mədənləri də yoxdur, eləcə də onun zənginləşdirilməsi üçün lazım olan texnika. Bütün bunları Rusiyadan almaq lazım olacaq ki, qeyri-müəyyən gələcəkdə inşaat xərclərini çıxarmaq mümkün olsun.

Üstəlik paytaxt yaxınlığında AES-in mövcudluğu ölkəni hərbi planda çox həssas duruma salır. O zaman stansiyanı mümkün zərbələrdən qorumaq üçün yeni zenit raket kompleksləri almaq lazım olacaq, yenə də Rusiya istehsalçısından. Bir sözlə, Azərbaycan heç bir halda bu cür təkliflə razılaşmamalıdır. Əgər bizə əlavə elektrik enerjisi lazım olsa, biz elə həmin Rusiyadan və ya İrandan ala bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəkidə vəkil məhkəmə zalında həbs edildi

Sonrakı məqalə

Tbilisidə azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub